"Rəqiblərim dünyaya gələndə mən artıq Avropa çempionu idim"

"Rəqiblərim dünyaya gələndə mən artıq Avropa çempionu idim"

"Düşünürəm ki, bu il yenidən dünya çempionu olmağı məndən çox istəyən yox idi. Ötən il mundialda üçüncü yeri tutdum, amma bunu ciddi uğur hesab etmirdim. Bir il ərzində çalışdıq, qarşımıza məqsədlər qoyduq və onlara çatmaq üçün mübarizə apardıq".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli deyib.

Növbəti dünya çempionluğunu Qazaxıstanın Astana şəhərində qazanan 5-qat qızıl medalçı Dünya Güləş Birliyinin (UWW) mətbuat xidmətinə açıqlama verib.

55 kq çəkidə yarışan idmançı bu uğurun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:

“Bunu sözlə ifadə etmək həqiqətən çətindir. Sanki bütün karyeram gözlərimin önündən keçdi.

Beyləqandan başlayan yolda Bakıda məşq etmək, çətinliklərdən keçmək, məğlubiyyətlər yaşamaq və nəhayət, beşinci dəfə dünya çempionu olmaq məqsədimə çatmaq möhtəşəm hisslərdir.

Güləş karyeramı 27-28 ildir davam etdirirəm. Yarımfinal və finalda qarşılaşdığım gürcüstanlı və iranlı güləşçilər dünyaya gələndə mən artıq Avropa çempionu idim. Karyeram onların bütün ömrü qədər davam edib”.

Qeyd edək ki, Eldəniz Əzizli dünya çempionatının finalında İran təmsilçisi Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

O, 2018, 2022, 2023 və 2024-cü illərdə dünya çempionu olub.