Avropa çempionu: "Bu qələbəni məşqçimə və atama həsr edirəm"
"Avropa çempionu olduğum üçün çox sevinirəm. Yarışa uğurlu başladım. İlk görüşüm Bolqarıstan idmançısına qarşı oldu və 8:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəldim".
"Mediasport" xəbər verir ki, bu sözləri Bolqarıstanda keçirilən güləş üzrə U-17 Avropa çempionatının qalibi Əli Cavadlı (45 kq) deyib.
O, müvafiq olaraq, Ermənistan, Gürcüstan və Rusiya təmsilçiləri ilə keçirdiyi görüşlərdən söz açıb və əsas hədəfini açıqlayıb.
"1/4 finalda Ermənistan təmsilçisini 7:1 hesabı ilə məğlub etdim. Yarımfinalda Gürcüstan güləşçisinə 7:6 hesabı ilə qalib gəldim. Finalda isə Rusiya idmançısını 9:1 hesabı ilə məğlub edərək qızıl medal qazandım.
Finalda güləşi hücum uslubunda qurdum. Görüş başlayandan aktivliyi mən aldım və parter vəziyyətində üstünlük əldə edərək qələbə qazandım.
Bu qələbəni şəxsi məşqçim Şamxal Ağamalıyevə və atama həsr edirəm. Əsas hədəfim Bakıda keçiriləcək dünya çempionatında da qızıl medal qazanmaqdır".
Xatırladaq ki, U-17 Avropa çempionatında 1 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan millimiz 118 xalla komanda hesabında Avropa üçüncüsü olub.
