Bu gün dörd cüdoçumuz dünya çempionatında mübarizə aparacaq

Bu gün dörd cüdoçumuz dünya çempionatında mübarizə aparacaq

Bakıda cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, 7-ci yarış günündə Azərbaycanın 4 təmsilçisi mübarizə aparacaq.

Ağır - 100 kq çəkidə 3 cüdoçumuz gücünü yoxlayacaq - Uşangi Kokauri 1/16 finalda Emirxan Joldoşkazıyevlə (Qırğızıstan) qarşılaşacaq.

Kənan Nəsibov bu mərhələdə Losseni Kone/Vidak Malyeviç cütünün qalibi ilə üz-üzə gələcək.

Camal Qamzatxanov ilk görüşündə çilili Fransisko Solislə yarışacaq.

78 kq çəki dərəcəsində qadınların mübarizəsində isə təmsilçimiz Mədinə Qaysinovanın ilk rəqibi italiyalı Asya Tavano olacaq.

Xatırladaq ki, bu gün fərdi yarışlar üzrə son görüşləri keçiriləcək. Sabah qarışıq komanda yarışları təşkil olunacaq.

Azərbaycan komandası indiyədək DÇ-də 5 medal qazanıb.

Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) isə bürünc mükafat əldə edib.

Milli Gimnastika Arenasında təşkil edilən yarış oktyabrın 11-də yekunlaşacaq.