Qurban Qurbanov "Qarabağ"ın 1000-ci qarşılaşmasını şərh etdi

Qurban Qurbanov "Qarabağ"ın 1000-ci qarşılaşmasını şərh etdi

"Futbolçularımı təbrik edirəm. Bizim üçün çox vacib qələbə idi. Onlar çox əziyyət çəkdilər, çox intizamlı oyun qurmağa çalışdılar".

"Mediasport" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis Azərbaycan premyer Liqasının 7-ci turunun "İmişli" ilə səfər oyunu haqda danışıb, 2:0 hesablı qələbəni şərh edib:

"Qarşımızda çox yaxşı, kompakt müdafiə olunan komanda var idi. Səbirli olmaq lazım gəlirdi. Bunu da bacardılar.

Futbolçularımı təbrik etdim. Azarkeşlərimizi də təbrik etmək istəyirəm. 1000-ci çempionat oyununda iştirak etdilər.

Elə azarkeşimiz var ki, bəlkə də 1000 oyunumuzun hamısında iştirak edib. Xeyli azarkeş gəlmişdi.

Bu görüşdə qalib gələrək, onların əziyyətini dəyərləndirdik. Çalışacağıq ki, qarşıdakı matçlara daha ciddi hazırlaşaq".


Milli fasilədən sonra komandaya yeni qoşulan və zədədən qayıdan futbolçuların bərpa və adaptasiya prosesi necə gedir? 

- Hələ ki, tam keçməyiblər. İstər-istəməz çatışmazlıqlar var. Çünki 20 günə yaxın bir müddətdə futbolçularımızın böyük bir qismi komandadan ayrı düşmüşdü, zədəli oyunçularımız var idi. Lakin çox istəkli və məsuliyyətli şəkildə hazırlaşırlar. Yaxşı idman formasını bərpa etmək zamana ehtiyac var. Amma hamısından razıyam. Onların çox istəkli və peşəkar olduğunu görürəm.