"Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var" - Azərbaycan milli komandasının baş məşqçisi
"Hidayət Heydərovun çəki ilə bağlı böyük problemi var. Bu, əslində, bu gün onunla apardığımız müzakirənin bir hissəsi idi. O, bir qərar qəbul etməlidir".
"Mediasport" xəbər verir ki, bu sözləri cüdo üzrə Azərbaycan milli komandalarının performans direktoru və kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman deyib.
Mütəxəssis Bakıda keçirilən dünya çempionatının yekunlarına həsr olunmuş mətbuat konfransında iştirak edib.
Onun sözlərinə görə, Hidayət ilk növbədə öz hədəfinin nə olduğunu müəyyənləşdirməlidir:
“Bizim fikrimizcə, onun yeganə həqiqi hədəfi Parisdəki uğurunu təkrarlamaq ola bilər. Düşünürəm ki, özü də bunu istəyir. Bunun 73, yoxsa 81 kiloqram çəki dərəcəsində olmasının fərqi yoxdur.
Bu, bizim deyil, onun qərar verməli olduğu məsələdir. Biz sadəcə onunla şərtləri müzakirə edirik. Hansı çəki dərəcəsini seçməsindən asılı olmayaraq, 81 kiloqrama keçmək istəsə də, 73 kiloqramda qalmaq istəsə də, onu dəstəkləyəcəyik.
Əlbəttə, onun 73 kiloqramda mübarizə apardığı üsul 81 kiloqramdakından fərqli ola bilər. Yaxşı cüdoçu olmaq o demək deyil ki, idmançı bir çəki dərəcəsində yaxşı, digərində isə zəif çıxış edir.
Çəki dərəcəsini dəyişdikdə fiziki cəhətdən hazırlaşmaq lazımdır. Düzgün hazırlıqla daha yuxarı çəki dərəcəsində də uğur qazanmaq mümkündür. Niyə də olmasın?
Onun qərar vermək üçün bir həftə vaxtı var. Biz onunla danışmışıq. Bizim üçün nəticə önəmlidir, onun hansı çəki dərəcəsində mübarizə aparmasının fərqi yoxdur.
Nəticə əldə etmək üçün fiziki cəhətdən hazır olmaq lazımdır. Bir idmançı bir çəki dərəcəsində yaxşı nəticə göstərə, digərində isə bunu bacarmaya bilər.
Demək istədiyim odur ki, Hidayətin cüdo keyfiyyəti çox yüksəkdir. Buna görə də onun 81 kiloqram çəki dərəcəsində də uğur qazanması, hətta Olimpiya çempionu olması mümkündür”.

