İlham Zəkiyev mükafatlandırıldı

 İlham Zəkiyev mükafatlandırıldı

Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının (IBSA) prezidenti İlqar Rəhimov Bakıda Azərbaycanın paralimpiya çempionu, görkəmli cüdoçu İlham Zəkiyevə “Athletes of Inspiration – IBSA 45” (“İlhamverici İdmançılar – IBSA 45”) mükafatını təqdim edib.

"Mediasport" xəbər verir ki, bu il təsis edilməsinin 45 illiyini qeyd edən qurum 1981-ci ildə Fransanın Paris şəhərində yaradılıb.

Federasiya ötən 45 il ərzində görmə məhdudiyyətli şəxslər arasında idmanın inkişafına və idmançıların beynəlxalq yarışlarda iştirak imkanlarının genişləndirilməsinə mühüm töhfələr verib.

Federasiyanın yubileyi münasibətilə il ərzində müxtəlif tədbirlər və təşəbbüslər həyata keçirilir.

Bu təşəbbüslərdən biri də idmançıların nailiyyətlərini və idmanın inkişafına verdikləri töhfələri qeyd etmək məqsədilə təsis edilmiş IBSA 45 Tanınma Proqramıdır.

Proqram çərçivəsində təqdim olunan “Athletes of Inspiration – IBSA 45” mükafatı müxtəlif idman növlərində uğurları və nümunəvi fəaliyyəti ilə seçilən idmançıları təltif etmək məqsədi daşıyır.

Cüdo, qolbol, şoudaun və görmə məhdudiyyətli şəxslər arasında futbol üzrə ümumilikdə 15 idmançı bu mükafata layiq görülüb. Onlar Braziliya, Azərbaycan, Moldova, Fransa, Türkiyə, İsrail, Litva, Yaponiya, Finlandiya, Mərakeş, İran, İngiltərə və Argentina olmaqla 13 ölkəni təmsil edirlər.

2023-cü ildə IBSA-nın prezidenti seçilmiş İlqar Rəhimov mükafatı bu gün Bakıda İlham Zəkiyevə təqdim edib.