"Bunun üçün dəfələrlə müvafiq şəxslərə müraciət etmişik"

"Bunun üçün dəfələrlə müvafiq şəxslərə müraciət etmişik"

"Əfsuslar olsun ki, stadionun örtüyündə nöqsanlar aşkarlanıb. AFFA və PFL stadionu oyunlar üçün qəbul etmir. Qəbul olunmaması əlbəttə ki, səbəbsiz deyil".

"Mediasport" xəbər verir ki, bu sözlər "Difai" futbol klubunun prezidenti Asəf Məlikova məxsusdur.

Azərbaycan 1-ci Liqasında yarışan komandanın rəhbəri azarkeşlərə müraciət edib.

Əsasən Qarabağ qazilərindən formalaşmış klub idarəçisi ev oyunlarını doğma məkanda keçirmək üçün federasiyadan xəbər gözlədiklərini bildirib:

"Əziz və dəyərli azarkeşlərimiz! Hər şeydən öncə bizə olan diqqətinizə görə komanda adından sizlərə dərin təşəkkürümü bildirirəm.

Biz də bilirik ki, öz doğma stadionumuzda rəqibləri qəbul etsək, gücümüzə güc qatılacaq. İnanın ki, səfər oyunlarında azarkeşlərin təzyiqini hiss etdiyimiz kimi, onları qəbul edərkən eyni təzyiq və basqını rəqib komandaya da yaşatmaq istəyirik. 

Nöqsanlı meydançada oyunun keçirilməsi futbolçuların sağlamlığı üçün təhlükəlidir. Bu işlərin tez bir zamanda bitməsi üçün dəfələrlə müvafiq şəxslərə müraciət etmişik və edirik. Hətta sizin yazdığınız şərh və diləkləri qeyd edərək diqqətlərinə çatdırmışıq".

Qeyd edək ki, daha əvvəl ev matçlarını Ağsu şəhər stadionunda keçirən "Difai" 1-ci Liqada geridə qalan 16 turdan sonra 13 xalla 9-cu pillədə qərarlaşıb.

Turnir cədvəlində təhlükəli zonada yerləşən komanda sonuncu pillənin sahibi "Qaradağ Lökbatan"dan 1 xal irəlidədir.