"Neftçi" çempion oldu, "Qarabağ" ikinci, "Zirə" isə üçüncü yeri tutdu

"Neftçi" çempion oldu, "Qarabağ" ikinci, "Zirə" isə üçüncü yeri tutdu

AFFA U-17 Liqasına yekun vurulub.

"Mediasport" xəbər verir ki, çempionatın qalibi son turda müəyyənləşib.

Finişdə "Turan Tovuz"u 6:0 hesabı ilə məğlub edən "Neftçi" 109 xalla çempion olub, "Səbail"in qapısından 8 cavabsız top keçirən "Qarabağ" 108 xalla ikinci yeri tutub. "Zirə" isə mövsümü üçüncü pillədə başa vurub.

Matçların ardından mükafatlandırma mərasimi baş tutub. “Zirə” bürünc, “Qarabağ” gümüş medallarla təltif olunub, “Neftçi”yə qızıl medallar və kubok təqdim edilib.

Həmçinin fərdi nominasiyalar üzrə qaliblər də bilinib. Son turda het-trikə imza ataraq ümumi qol sayını 61-ə çatdıran “Qarabağ”ın futbolçusu Əli İbrahim ən məhsuldar oyunçuya verilən mükafatın sahibi olub.

İştirakçı komandalar arasında keçirilmiş sorğuya və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin rəyinə əsasən, mövsümün ən yaxşı oyunçusu “Qarabağ”ın digər üzvü Əli Qazibəyov seçilib.

Mükafatlandırma mərasimində AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev iştirak ediblər.