Bölgə komandasının rəhbəri ŞOK iddia ilə futbolu və klubu buraxdı

Bölgə komandasının rəhbəri ŞOK iddia ilə futbolu və klubu buraxdı

Futbol üzrə Azərbaycan 2-ci Liqasında yarışan Qubanın "Hypers" klubunun prezidenti Ayaz Abdullayev futboldan gedib.

"Mediasport" xəbər verir ki, klub rəhbəri bununla bağlı sosial şəbəkə hesabında geniş post paylaşıb.

O, paylaşımında ciddi ittihamlar səsləndirib, qərarını Futbolun İnkişafı Fondu (FİF) ilə əlaqələndirib.

Abdullayevin paylaşımını olduğu kimi təqdim edirik:

"Futbolla bağlı son sözüm…

Hər şeyi etdim. Bildiyiniz hər şeyi. Bütün imkanlarımı səfərbər etdim. Bu komanda yaşasın deyə döymədiyim qapı, ağız açmadığım insan qalmadı. Amma görünür, əsl məsələ tamam başqa imiş...

Məsələ nə imiş?

Keçən il "Quba" çempionatı 3-cü yerdə başa vurdu. Bu nəticəyə gəlmək isə heç də asan olmadı. Komanda sayı artırılacaqdı, biz avtomatik 1 ci liqaya qalxacaqdıq. Bir gün ölkəyə haray saldım ki, "Quba" oyuna getməyə pul tapa bilmir. Bu hadisə "viral" oldu, hər kəs paylaşdı, hər kəs danışdı. Həqiqətən "Quba"nı sevən 5-6 nəfər ortaya çıxdı. Dedilər ki, "birader" biz komandanı götürmək istəyirik. Həmin şəxslər Futbolun İnkişafı Fondu (FİF) vasitəsilə mənimlə əlaqə saxladılar. Mən də açıq danışdım. Bəli, müəyyən borclar var idi. Dedim, bu borcları bağlayın, komandanı təhvil alın, yola davam etsin. Halbuki söhbət indiyə qədər bu komandaya qoyulmuş vəsaitin heç 5 faizi qədər belə olmayan bir məbləğdən gedirdi. Razılaşmışdılar. Çox maraqlı idilər. Amma sonra nə baş verdi, bir bilsəz...

Bir az haşiyəyə çıxım.

"Səbail"in əvvəlki rəhbərliyi məlum səbəblərdən ayrıldıqdan sonra komandanın maliyyələşdirilməsi… Nəysə, ad verməyim. Və görünür, bu, bəziləri üçün yaxşı fürsətə çevrildi. "Quba"nı götürmək istəyən, qubalı olan həmin insanlara bizim komanda əvəzinə "Səbail" təklif edildi. Bəli, "Quba"nın əvəzinə "Səbail"i təklif etdilər. Adamların Quba sevgisini avantaja çevirdilər. "Səbail" onlara elə təqdim olundu ki, sanki başqa seçimləri yoxdu. Bir sözlə, "Quba"nı kənarda qoyub, "Səbail"i verdilər. "Səbail"in adını dəyişib "Quba" edəcəkdilər. Bəs mövcud vəziyyətdə niyə dəyişmir? Mən komandanın adını 3 dəfə dəyişmişəm. 2-3 günlük prossesdi. Çünki FİF buna icazə vermir. Səbəbləri normal araşdırmaq jurnalist işidi. Qəsdən komanda sayını da artırmadılar a kişi... Amma bu il "Səbail" çempion ola bilməsə, artıracaqlar.

Maraqlıdı ki, bu gün "Səbail"in rəhbərliyində olan şəxs də vaxtilə FİF-də çalışıb. Hansı statusda olduğunu, rəsmi, yoxsa qeyri-rəsmi çalışdığını bilmirəm. Amma bütün bu hadisələrin ardıcıllığı istər-istəməz suallar yaradır.

Əslində nə gözəl olardı… Qubalı qardaşlarımız komandanı götürüb borcları bağlayardılar, 2-ci lqada çempion olub 1-ci liqanı, ardından premyer-liqanı düşünərdilər. Bölgənin öz komandası, azarkeşi, gələcəyi olardı. Mən də rahatlıqla kənara çəkilərdim. Nə lazım olsa təmənnasız kömək edərdim. Nə şiş yanardı, nə də mən...

Ədalətli olardı. Amma görünür, "Quba"nın belə hekayə yaşamasını istəyənlər az imiş.

FİF-in "Quba"ya münasibəti də ayrıca mövzudu. Elə bil, komandanı gözləri götürmədi. Gah Qubaya "İmişli"ni gətirdilər, gah sponsor adı ilə bütün məlumatları, təqdimatları məndən aldılar. Sonra, necə deyərlər, öz maraqları.

İndi isə bir neçə sualım var. FİF-in bu günə qədər gördüyü işlərin real nəticəsi nədi? "Mingəçevir"? Bu gün komanda oyuna çıxa bilmir. "Turan Tovuz"? Milyonlarla vəsait xərclənib. Həmin vəsaitlərin taleyi ilə bağlı cavab gözləyən suallar var. Keçən mövsüm "Turan Tovuz"un yaşadığı (komandanın avrokuboklara vəsiqə qazanda da, mübarizəyə qoşula bilməməsi nəzərdə tutulur - red.) kimin günahı idi?! "Zaqatala"? Maaşlar əziyyətlə verilir. Hanı "Music Gallery"? Adam niyə ayrıldı? Hanı "Lerik", "Araz Saatlı"? "Göygöl"ü satıb, "Marafon"u almaqlar... "Şahdağ Qusar"? Ümid edirəm, yanılaram. Amma bu komandaya xərclənən vəsaitlərin gələcəyi ilə bağlı da bir gün ciddi suallar yaranacağını düşünürəm. Komanda kimindi?! Sabah pul lazım olanda başqa nələr ola bilər?!

Bir məsələni də qeyd etmədən keçə bilmirəm. Bu qurumun illik xərcləri milyonlarla ölçülür. Ezamiyyətlər, səfərlər, müxtəlif seminarlar, görüşlər və sair...

Bəs bütün bu xərclərin sonunda ortaya qoyulan real nəticə nədi? Ağstafada 20 ədəd tşört satmaq, şərfi də pay vermək? Ya süni intellektlə köhnə ideyaları təkrarlayıb uğursuz olmaq? Sonra da bunu böyük bir iş, futbolun inkişafına verilən töhfə kimi təqdim etmək?

Nahaqdan adamların o qədər büdcələrini xərclətdirdilər. "Səbail"də bu vaxta kimi rəqəmlər milyonlarla ölçülür. Futbolun inkişafı keçirilən seminarların, ezamiyyətlərin, səfərlərin və hazırlanan hesabatların sayı ilə ölçülmür. Futbolun inkişafı ayaqda qalan klublarla, yetişən futbolçularla, qurulan infrastrukturlarla və davamlı maliyyə modeli ilə ölçülür. Mənim heyifim gələn bu komandaların azarkeşləridi. Onlar hər həftə ümidlə stadiona gələn, komandasına inanan, sevinən, üzülən insanlardı. Çünki belə idarəçilikdə ən çox əziyyət çəkən yenə azarkeş olur. Bu gün bir komanda, sabah digəri… Bir müddət sonra yenə əl dəyişir, yenə yeni planlar, yeni vədlər başlayır. Yenə pərdə məsələsi.

Planlarım, hədəflərim var idi. "Quba"nın haqqı, belə demək mümkündüsə, "Səbail"in taleyinə qurban verildi. Amma mən üzülmürəm. Çünki bilirəm ki, bu ölkədə zamanında üstü örtülmüş nə qədər məsələlər sonradan üzə çıxıb. Bir gün bu məsələlərə də obyektiv yanaşılacağına, müvafiq dövlət auditinin aparılacağına inanıram. Kim nə edib, hansı qərar hansı marağa xidmət edib, hansı vəsait hara yönəldilib? Niyə olub bu, niyə, niyə, niyə?!

Mənim vicdanım rahatdı.

"Quba" üçün əlimdən gələni etdim. Bəzən imkanım çatandan da artığını etdim. Bəlkə də ən böyük səhvim futbolun təkcə sevgi, zəhmət və ədalətlə idarə olunduğunu düşünmək idi. O bir məşhur səs var e, bizim inamımız, sizin büdcənizdən daha böyükdü...

Bu, mənim futbolla bağlı son paylaşımımdı. Hər kəsə öz yolunda uğurlar!

Mən xəstəyəm. Bunu 40 dərəcə qızdırma ilə yazıram. Bir vaxtlar 40 seriyalı avtobus alacağımı hədəfləmişdim. Nə qərib...

Bitdi".