"Azərbaycan derbisi"nə hazırlıq: "Neftçi"dən fanatlara xəbərdarlıq

"Azərbaycan derbisi"nə hazırlıq: "Neftçi"dən fanatlara xəbərdarlıq

Aprelin 26-da Premyer Liqanın 29-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşacaq "Neftçi" azarkeşlərə xəbərdarlıq edib.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırıb.

“Palms Sports Arena”da keçiriləcək görüşdə Ağdam klubunun azarkeşləri üçün “Qərb 2” sektoru ayrılacaq.

Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12.00-dan etibarən stadionun “Qarabağ” azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.

Təhlükəsizlik məqsədi ilə arenanın “Neftçi” azarkeşləri üçün nəzərdə tutulan sektorlarına “Qarabağ” klubunun formasını, şarfını və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.

Klubdan bildirilib ki, bu tədbirlər azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, görüş saat 19:00-da başlanacaq.