İqor Ponomaryovla Olimpiya çempionu oldu, indi təmirçi işləyir

1988-ci ildə bakılı futbolçu İqor Ponomaryovla birlikdə SSRİ yığması ilə Olimpiya çempionu olmuş Yuri Saviçev təmirçi işləyir.
Mediasport.com.az xəbər verir ki, Seul olimpiadasında Braziliya yığması ilə final matçında həlledici qolu vurmuş veteran hazırda Almaniyada yaşayır.
Bu gün 60 yaşını qeyd edən Saviçev Rusiyanın "Championat" nərşinə açıqlamasında futboldan uzaqlaşdığını bildirib:
"İstədim aşağı liqalarda məşqçilik edim, alınmadı, mənlik deyil. Tibb sahəsində çalışan oğlum Yurkanın məsləhəti ilə tibbi texniki təhsili aldım. İndi tibbi cihzaların təmiri ilə məşğulam. Artıq doqquz ildir burada yaşayıram, sabit işim, normal qazancım var. Şənbə və bazar günləri istirahətdir. Futbolda yalnız əsəb var, mən buna dözə bilmədim”.
Qeyd edək ki, Saviçev karyerası ərzində vətənində "Torpedo" (Moskva), daha sonra Yunanıstanın "Olimpiakos", Almaniyanın "Saarbrükken", "Sankt-Pauli" klublarında çıxış edib.
SSRİ milli komandasının heyətində 17 oyunda 2 qol vurub.