Macarıstanın 36-qat çempionu - "Qarabağ"ın 126 yaşlı titullu rəqibi

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la (Macarıstan) üz-üzə gələcək.
"Mediasport" xəbər verir ki, Budapeşt təmsilçisinin əsası 1899-cu ildə qoyulub.
126 yaşlı paytaxt klubu bu illər ərzində 36 dəfə Macarıstan çempionu olub. Bu, ölkənin mütləq rekordudur. "Ferensvaroş" son 7 mövsümün dəyişməz çempionudur. Bu seriya 2018/19 mövsümündə başlayıb.
Macarıstan kubokunu hamıdan çox - 24 dəfə qazanan Budapeşt təmsilçisi son 11 ildə 4 dəfə bu uğura sevinib. Komandanın hesabında 2 Liqa kuboku və 6 Superkubok da var. "Ferensvaroş" Macarıstan Superkubokunu ən çox qazanan komandadır.
Avrokuboklarda 1960-cı ildə debüt edən Budapeşt təmsilçisi qitə miqyaslı turnirlərdə zəngin təcrübəyə malikdir. "Ferensvaroş"un ən böyük uğurları da ötən əsrin 60-cl illərinə təsadüf edib.
Paytaxt klubu 1964/65 mövsümündə Yarmarkalar kubokunun qalibi olub. Finalda “Yuventus”a 1:0 hesabı ilə qalib gələn macarıstanlılar tarixinin yeganə avrokubokunu başı üzərinə qaldırıb. 3 il sonra yenə eyni turnirin finalına çıxan "Ferensvaroş" "Lids"ə məğlub olub - 0:0, 0:1.
"Fradi" ləqəbini daşıyan komandanın bu uğurlarında Florian Albertin Avropada tanınması ilə nəticələnib. "Yaşıl qartallar"ın əfsanəsi 1967-ci ildə qitənin ən yaxşı futbolçusu kimi "Qızıl top" mükafatına layiq görülüb.
Avrokuboklarda son final 1974/75 mövsümünə təsadüf edib. Kuboklar kubokunun həlledici matçında "Ferensvaroş" Kiyev "Dinamo"suna uduzub - 0:3.
Son illərdə avrokubokların əsas mərhələlərinin daimi iştirakçısına çevrilən "Fradi" "Qarabağ"a da tanış rəqibdir.
2022/23 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Budapeşt klubunu üstələyib. Evdə 1:1 hesablı heç-heçə edən komandamız Macarıstanda 3:1 hesablı qələbəyə sevinib.
Bu ilin əvvəlində "Qarabağ"a qayıdan Kadi Borqes bir müddət məhz "Ferensvaroş"da çıxış edib. Həmin vaxt "köhlən atlar"ın digər futbolçusu Julio Romao Macarıstan təmsilçisinə keçib və hazırda da bu klubda çıxış edir.
Xatırladaq ki, "Qarabağ"la "Ferensvaroş" arasında oyunlar avqustun 19-da və 27-də keçiriləcək.