Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəldi

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U20 dünya çempionatına start götürüb.

"Mediasport" xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 4 təmsilçimiz mübarizəyə qoşulub.

Tural Əhmədov (63 kq) yunanıstanlı Marios Kapantaisu 6:1 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda özbəkistanlı Kuvonçbek İsmayılova minimal fərqlə (2:3) məğlub olub.

Rəqib finala yüksəldiyi üçün Tural bu gün təsəlliverici görüşə çıxacaq.

Cavidan Nehmətov (77 kq) yunanıstanlı Adamantios Papadatosla (8:0) qırğızıstanlı Elxan Çoenbekova (9:0) tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstanlı Yerkebulan Anapiyanı 7:5 hesabıyla üstələyən Nehmətov adını yarımfinala yazdırıb.

O, yarımfinalda iranlı Amir Mehdi Navaya heç bir şans tanımayıb – 7:1. Millinin üzvü bu gün finalda ermənistanlı Samvel Terteryanla güləşəcək.

Orxan Hacıyev (87 kq) və Mikayıl İsmayılov (130 kq) isə ümidləri doğrultmayıblar.