Xankəndi stadionunda oynamaq üçün AGİN-ə müraciət etdilər

Ötən mövsüm AFFA Region Liqasının qalibi “Xankəndi” ev oyunlarını eyniadlı şəhərin stadionunda keçirmək istəyir.
"Mediasport" xəbər verir ki, 2-ci Liqaya vəsiqə qazanan Qarabağ təmsilçisi bu məqsədlə Gənclər və İdman Nazirliyinə müraciən ünvanlayıb.
Müraciəti təqdim edirik:
"Klubumuz ilk mövsümündə Region Liqasının qalibi olaraq İkinci Liqada iştirak hüququ qazanıb və indiyədək rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edib. Lakin qarşıdan gələn mövsümdən etibarən “Xankəndi” FK-nın ev oyunlarının doğma Xankəndi şəhərində, azarkeşlərimizin önündə keçirilməsi əsas hədəflərimizdəndir.
Onu da xüsusi vurğulamaq istərdik ki, artıq Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetinin müəllim və tələbə heyəti tərəfindən komandamızın fan-klubu təsis olunub. Onlar doğma komandalarını bu şəhərdə görmək arzusunu böyük coşqu və istəklə ifadə edirlər.
Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevin ölkə idmanına göstərdiyi xüsusi diqqət və azad olunmuş ərazilərdə idmanın, xüsusilə futbolun inkişafı istiqamətində atdığı mühüm addımlar bizdə dərin inam yaradır ki, yaxın gələcəkdə klubumuz ev oyunlarını doğma şəhərimiz – Xankəndidə keçirmək imkanı əldə edəcək.
Bu istiqamətdə atılan hər bir addım, təkcə “Xankəndi” FK üçün deyil, bütövlükdə bölgənin sosial və idman həyatının canlanması baxımından da mühüm əhəmiyyət kəsb edir".