"Azərbaycan Kubokunda məqsəd azı finala vəsiqəni təmin etməkdir"

"Süni meydanda oynamaq bir az çətin olur. Üstəlik, oyun da bir qədər erkən saata təyin edilmişdi. Buna baxmayaraq, qələbə qazanmağımız çox yaxşı oldu".
Bu sözləri "Mediasport"a açıqlamasında "Neftçi"nin futbolçusu Azər Salahlı deyib.
Müdafiəçi Premyer Liqanın 27-ci turunun "Səbail"lə görüşü haqda danışıb:
"Oyuna çox yaxşı başlayıb ardıcıl qollar vurduq. Bundan sonra fərqlənə bilərdik. Yetərincə imkanlarımız oldu. Çətin olsa da, qələbə hesabını sonadək saxlaya bildik".
A.Salahlı milli komandalara görə yaranmış fasilədən maksimum istifadə etməyə çlaışacaqlarını vurğulayıb:
"Qarşıdan milli fasilə gəlir, çalışacağıq ki, tempi qoruyub növbəti oyunlara daha yaxşı hazırlaşaq. Kubok görüşlərimiz də olacaq. Ümumən hədəfimiz hər oyunda qalib gəlməkdir".
O, kubokda finala çıxmaq istədiklərini qeyd edib:
"Çempionatla yanaşı, kubokda yarımfinal oyunlarımız var. Məqsədimiz kubokda azı finala vəsiqəni təmin etməkdir. İşimizin çətin olacağını başa düşürük. Nəzərə alaq ki, avrokuboklara buradan getməyimiz bir qədər asandır, ona görə sonadək mübarizə aparacağıq".
AYXAN