"Azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir" - Azər Bağırov

"Azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir" - Azər Bağırov

"İmişli"nin müdafiədə necə qapandığını bilirdik. Oyunçularımıza bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 28-ci turunun "İmişli" ilə oyunu haqda danışıb, 0:1 hesablı məğlubiyyəti şərh edib:

"Standart vəziyətdən qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də bu oyunu unudub komandanı qələbəyə kökləmək lazımdır".


Son vaxtlar mətbuatda "Kəpəz"lə bağlı gəzən söz-sohbətlərin bugünkü məğlubiyyətdə rol oynadığını düşünmək olar?

- Hər şey ola bilər. Futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdır. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır. 

Oyundan sonra Yusif İmanovla azarkeşlər arasında insident yaşandı...

- Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mən tərəfdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil. 

Oyundan sonra paltardəyişmə otağında səsiniz aqresiv eşidilirdi...

- Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə ki, canla-başla oynayıblar, bu matçda da elə olmalıydı. Ona görə biraz əsəbi idim. 

Vurğuladınız ki, Gəncə Azərbaycan futbolunun beşiyidir. Necə düşünürsünüz, nə vaxta kimi "Kəpəz" liqada qalmaq üçün oynayacaq?

- Bu məsələyə biraz əks tərəfdən baxaq. İlk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandalarla özümüzü müqayisə etsək, büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır.