Azərbaycandan dünya futboluna açılan “transfer pəncərəsi”
Son illər Azərbaycan futbolunda sadəcə meydandakı mübarizə deyil, transfer siyasətində də müsbət dəyişikliklər müşahidə olunur.
Xüsusilə “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı xarici klubların Azərbaycan futboluna marağını xeyli artırıb.
Son 2 mövsümdə Avropa Liqası və Çempionlar Liqasında əldə olunan nailiyyətlərdən sonra tanınmış komandalar artıq aparıcı klublarımızda çıxış edən yerli və legioner oyunçuları izləyir, diqqət mərkəzində saxlayırlar.
Bir sözlə, Azərbaycan futbolu artıq Avropaya, hətta Amerikaya futbolçu ixrac edir.
Bu uğurlu modelin ən bariz nümunələrini son bir neçə ildə "Qarabağ", "Sabah" və “Zirə” klublarının həyata keçirdiyi satışlardan aydın görə bilərik.
Misal üçün, bir neçə həftə öncə “Qarabağ” kolumbiyalı hücumçu Kamilo Duranı 6,4 milyon avro təzminat qarşılığında Şotlandiya nəhəngi "Seltik"ə sataraq ölkə futbolu tarixinin ən bahalı rekordunu müəyyənləşdirdi.
Ağdam təmsilçisinin bu yay növbəti uğurlu satışı kabo-verdeli vinger Leandro Andrade oldu. “Qarabağ”ın heyətində 4 dəfə Azərbaycan çempionluğu yaşayan cinah yarımmüdafiəçisi Ukraynanın “Polesye” klubuna transfer edildi. “Köhlən atlar” bu keçiddən isə 3 milyon avro qazandı.
Ölkə xaricindən təkcə legionerlərə deyil, yerli və gənc futbolçularımıza da maraq getdikcə artır. Bu ilin fevral ayında "Qarabağ"ın 21 yaşlı hücumçusu Nəriman Axundzadə 2,5 milyon avro qarşılığında ABŞ-nin "Kolambus Kryu" klubuna keçərək, azərbaycanlı futbolçular arasında rekord müəyyənləşdirdi.
Əvvəlki mövsümlərə nəzər salsaq, “köhlən atlar”ın uğurlarında böyük pay sahibi olmuş Olavio Juninyo və Kadi Borgesin transferlərini də qeyd edə bilərik.
Braziliyalı hücumçu Juninyo 2025-ci ilin yanvarında 5 milyon avro qarşılığında ölkəsinin köklü klublarından olan "Flamenqo"nun yolunu tutdu. Daha əvvəl, 2023-cü ildə isə Rusiyanın “Krasnodar” klubu Kadi Borges üçün “Qarabağ”a 5 milyon avro təzminat ödəmişdi.
Azərbaycan klubları arasında uğurlu transfer siyasəti yalnız “Qarabağ”la məhdudlaşmır. "Zirə" 2025-ci ilin yayında aparıcı futbolçularından olan Salifu Sumanı 1,3 milyon avroya İsveçin tanınmış klubu “Malmö”yə satıb.
Artıq “Sabah"ı da bu siyahıya əlavə edə bilərik. Bakı klubu da beynəlxalq transfer bazarında diqqət mərkəzinə düşməyi bacarıb.
Fransanın nüfuzlu "L’Équipe" nəşri yazıb ki, Masazır təmsilçisi hücumameyilli yarımmüdafiəçisi Aaron Maludanın İsveçrənin ən köklü klublarından olan "Bazel"ə keçidi ilə bağlı razılıq əldə edib.
İddiaya görə, İsveçrə klubu 20 yaşlı fransalı futbolçu üçün "Sabah"a 3 milyon avro təzminat ödəyəcək.
Göründüyü kimi, son illər artan futbolçu satışları Azərbaycan klublarının həm maliyyə dayanıqlılığını yaxşılaşdırır, həm də onların qarşısında yeni imkanlar açır. Ümumi mənzərəni dəyərləndirmək üçün futbol agenti və mütəxəssislərinə müraciət etdik.
Futbol meneceri, hazırda həm də “Araz-Naxçıvan” klubunun prezidenti olan Ceyhun Sultanov açıqlamasında Azərbaycan klublarına diqqətin artmasını ölkə çempionatının səviyyəsinin yüksəlməsi ilə əlaqələndirib:
"Premyer Liqada çıxış edən futbolçulara maraq xeyli artıb. Bu da o deməkdir ki, ölkəmizə keyfiyyətli futbolçular gəlir və çempionatın səviyyəsi yüksəlir.
Nəticədə futbolçularla bağlı klublara müxtəlif təkliflər daxil olur. Açığı, bu, daha çox avrokuboklarda çıxış edən komandalarımıza aiddir.
Ümumi götürdükdə, çempionatımızın izlənilməsi çox müsbət haldır. Düşünürəm ki, gələcəkdə klub futbolu sferasında daha da yaxşı işlər görəcəyik.
Əsas odur ki, infrastrukturdakı inkişaf davam etsin. Bu halda, futbolçu satışı da artacaq. Bu gün bunu uğurla həyata keçirən klublarımız var.
Arzu edərdim ki, bu tendensiya yalnız avrokuboklarda oynayan komandalarla məhdudlaşmasın, digər klublarımızda da müşahidə olunsun.
Əfsuslar olsun ki, hazırda əsas diqqət Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında mübarizə aparan komandalara yönəlib.
Amma istənilən halda, Avropa klublarının çempionatımızı və futbolçularımızı izləməsi sevindiricidir. Azərbaycan Premyer Liqasına olan marağı daha da artırmaq üçün bu dinamikanı qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır”.
AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri, Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov isə bildirib ki, oyunçunun transfer dəyərini qaldırmağın yeganə yolu avrokubokların liqa mərhələsindən keçir:
“Futbol dünyada ən populyar idman növüdür və böyük maliyyə gəlirləri əldə etmək imkanlarına malikdir. Milyonlarla, hətta milyardlarla insanın izlədiyi bu sahədə diqqət nə qədər çoxdursa, maliyyə axını da bir o qədər yüksək olur.
Azərbaycan da bu prosesdən kənarda deyil və klublarımızın pul qazanmaq üçün kifayət qədər perspektivləri var. Lakin burada əsas məsələ bu imkanlardan necə yararlanmaqdır.
Klub olaraq böyük transfer gəlirləri əldə etməyin əsas şərti çıxış etdiyin turnirin səviyyəsidir.
Yəni Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası bu baxımdan həlledici rol oynayır. Gəlir əldə etmək istəyən hər bir klub məhz bu arenalarda təmsil olunmalıdır ki, aşağı qiymətə aldığı futbolçunu sonradan daha baha qiymətə sata bilsin”.
Aslan Kərimovun sözlərinə görə, yalnız daxili çempionatla kifayətlənərək futbolçunun dəyərini yüksəltmək mümkün deyil:
“Azərbaycan çempionatından oyunçunu daha baha qiymətə satmaq üçün gərək reytinq baxımından bizdən aşağı olan liqalara üz tutasan.
Məsələn, Gürcüstan çempionatını götürsək, daxili bazarda 200–300 minə aldığın futbolçunu ora 500 minə və ya 1 milyona sata bilməzsən, çünki həmin liqaların maliyyə imkanları buna imkan vermir.
Niderland, Danimarka, Belçika, İspaniya və ya Almaniya kimi top-liqalar isə oyunçunu sırf daxili çempionatdakı çıxışına görə almazlar.
Top-liqaların skautları yalnız o zaman futbolçuya diqqət ayırırlar ki, onun klubu avrokubokların əsas mərhələsində mübarizə aparsın. Çempionlar Liqasının liqa mərhələsi özü bir bazardır.
Orada çıxış edən hər bir futbolçunun kimliyindən asılı olmayaraq, müəyyən dəyəri formalaşır.
"Qarabağ" bunun bariz nümunəsidir: 300–500 min avroya transfer edilən futbolçular məhz Çempionlar Liqası və Avropa Liqasının pley-off və qrup mərhələlərindəki çıxış sayəsində 2, 3, hətta 5 milyon avroya satıldı.
Bu, futbolçunun müəyyənləşən əlavə dəyəridir. Yekun olaraq, klublarımızın maliyyə durumunu yaxşılaşdırmaq və gəlir əldə etmək üçün yeganə çıxış yolu daxili çempionatda avrokuboklara vəsiqə verən yerləri tutmaq, ardınca isə mütləq şəkildə qrup mərhələlərinə vəsiqə qazanmaqdır. Oyunçunun maya dəyərini qaldırmağın başqa yolu yoxdur”.
Azərtac


