Region cüdoçularının Bakıdakı mərkəz və klublara səfəri başladı
Azərbaycan Cüdo Federasiyasının regionlardan olan cüdoçular üçün təşkil etdiyi təlim-məşq toplanışı çərçivəsində idmançıların Bakıdakı cüdo mərkəzləri və klublara səfərləri başlayıb.
"Mediasport" xəbər verir ki, proqramın ilk mərhələsində cüdoçular Respublika Olimpiya İdman Liseyi, “Judo Club 2012” və “Atilla” klubunda olaraq yerli idmançılarla birgə randori məşqlərinə qatılıblar.
Səfərlərin əsas məqsədi region cüdoçularının fərqli məşq mühitində təcrübə qazanmalarına, müxtəlif tərəfdaşlarla çalışaraq texniki-taktiki bacarıqlarını təkmilləşdirmələrinə və rəqabətli şəraitdə hazırlıq səviyyələrini yüksəltmələrinə imkan yaratmaqdır.
Respublika Olimpiya İdman Liseyinə səfər zamanı müəssisənin direktoru Hikmət Babayev idmançılarla görüşərək liseyin fəaliyyəti və burada yaradılmış şərait barədə məlumat verib.
Hazırda liseydə təhsil alan 90 idmançıdan 30-u regionları təmsil edir. Müəssisənin yenilənmiş cüdo zalı Azərbaycan Cüdo Federasiyası tərəfindən müasir tatami və məşq prosesinin təşkili üçün zəruri avadanlıqlarla təchiz olunub.
Azərbaycan Cüdo Federasiyasının Regionlarla iş sektorunun müdiri Orxan Məmmədov da cüdoçularla görüşərək hazırlıq prosesi ilə maraqlanıb və onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.
Təlim-məşq toplanışı davam etdiyi müddətdə region idmançılarının bu formatda Bakıdakı digər cüdo klublarına daha iki səfərinin təşkili nəzərdə tutulub.

