Azərbaycanlı futbolçunun Cənubi Afrika klubuna keçidi baş tutdu

Azərbaycanlı futbolçu Turan Manafovun Cənubi Afrika Respublikasının "Stellenboş" klubuna keçidi baş tutub.
"Mediasport" xəbər verir ki, sənəd problemini həll edən 27 yaşlı müdafiəçi 3 illik müqaviləyə qol çəkib.
Turan "Stellenboş"un mətbuat xidmətinə açıqlamasında xoşbəxt olduğunu söyləyib:
"Klubun ideyaları və prinsipləri məni cəlb etdi. Ən yüksək səviyyədə rəqabət aparan komandada olduğum üçün həyəcanlıyam.
Müşahidəmə əsasən deyə bilərəm ki, Cənubi Afrikada oyunlar Azərbaycandakı ilə müqayisədə daha sürətli keçirilir.
Baxmayaraq ki, hər iki ölkənin yaxşı liqası var. Özümü sınamağı, çox sayda ulduzların yetişdiyi qitə yarışında oynamağı səbirsizliklə gözləyirəm".
Manafovun son iş yeri "Kəpəz" olub. O, karyerası ərzində "Zaqatala", "Səbail", "Araz-Naxçıvan"da forma geyinib.