"Kəpəz"in baş məşqçisi: "Bəlkə biz istefaya getdik, bilmək olmaz"

"Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 25-ci turunun "Neftçi" ilə matçı haqqında fikirlərini bölüşüb.
Çalışdırıcı 1:0 hesablı vacib qələbəni şərh edib:
"Onlara 2 kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq".
Kərim Lkoça 2 epizod qaçıranda nə düşündünüz?
- Bu barədə heç fikirləşmirəm. Bu, həyatdır, qaçıra da bilər, vura da bilər. Vursaydı, daha rahat olardıq.
"Sumqayıt"ın 11 oyundur qol vura bilməməsi amili gələn tur "Kəpəz"ə necə təsir edə bilər?
- Mənfi amillər bizdə daha çoxdur, nəinki "Sumqayıt"da. Çünki onlar evdə oynayır. "Sumqayıt"ın ehtiyat skamyası zəngindir. Hansı ki, Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.
Roman Qriqorçuk, Şahin Diniyev "Kəpəz"lə oyunlardan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu gözləmir?
- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz.