"Bundan sonra millimizdə yalnız azərbaycanlılar oynayacaqlar"
"Futzal federasiyası artıq AFFA-nın nəzdində departament kimi fəaliyyət göstərəcək. AFFA-nın tərkibində önəmli rol oynayır. Dəyişikliklərə ehtiyac var".
"Mediasport" xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.
Federasiya rəsmisi futzal üzrə Yüksək Liqa və 1-ci Liqada yeni mövsümün püşkatma mərasimində iştirak edib.
O, Azərbaycan Futzal Federasiyasının ləğv edilərək AFFA-nın daxilində departament kimi fəaliyyət göstərəcəyini labüd dəyişikliklərlə əsaslandırıb:
"Çempionatın formatı dəyişib. Komanda sayı artırılıb. Yeni klublar iştirak edəcəklər. Milli komanda da yeni dövrə qədəm qoydu. Bundan sonra millimizdə yalnız azərbaycanlılar oynayacaqlar.
Futzal prioritetlərimizdən biri olacaq. Ümid edirəm ki, bundan sonra irəliləyəcəyik”.
Xatırladaq ki, yeni mövsüm Yüksək Liqada 10 komanda yarışacaq. Əvvəl bu say 6 idi.
Həmçinin, AFFA elitada yarışan hər kluba dəstək məqsədilə aylıq 5 min manat yardım köçürəcək.

