"Biz bu işin içindəyik və daim belə nəticələri də gözləyirik" - VİDEO

"Ümumilikdə, iki oyunda qalib gələn bir komandaya qarşı oynayacağıq. Hamı düşünürdü ki, FKSB qalib gələcək, amma tam əksi oldu. Hər iki oyunda "Şkendiya" qalib gəldi".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Şkendiya" ilə ilk matç üçün Şimali Makedoniyaya yollanmazdan öncə "CBC Sport"a danışan mütəxəssis komandasının son durumundan söz açıb.
O, sabah keçiriləcək oyunu belə dəyərləndirib:
"İlk olaraq öz hazırlığımızı yaxşılaşdırmağa çalışdıq. Məqsədimiz futbolçuların idman formasını qaydasına salmaq idi və bunu müəyyən qədər bacardıq. Oyuna gəldikdə, daha həvəsli və istəkli bir komandaya qarşı çıxış edəcəyik. Nəzərə almaq lazımdır ki, bu, artıq 3-cü təsnifat mərhələsidir. Buna görə də çox diqqətli olmalıyıq. Rəqib xarakterli komandadır. İlk oyundan sonra bizim üçün vəziyyət bir qədər asanlaşacaq, çünki rəqibi daha yaxından tanımış olacağıq. Əlimizdən gələn qədər yaxşı oyun göstərməyə çalışacağıq".
2-ci təsnifat mərhələsində FKSB-ni mübarizədən kənarlaşdıran "Şkendiya"nın bu qələbəsinin sürpriz olmadığını bildirən Qurban Qurbanov "köhlən atlar"ın yeni transferi hücumameyilli yarımmüdafiəçi Xoni Montiel haqqında da fikir bildirib:
"Bu turnirdə hər bir komanda öz ölkəsinin çempionudur. Bütün komandalar maksimum nəticə əldə etməyə çalışır. İki oyunun nəticəsinə görə dəfələrlə şahidi olmuşuq ki, insanların gözləmədiyi komandalar qalib gəlir. Biz bu işin içindəyik və daim belə nəticələri gözləyirik.
Montiel isə hələ tam hazır deyil. Hazırlıq baxımından bir qədər geridədir. Onu normal vəziyyətə gətirmək üçün azı iki həftə, yəni 15-20 gün vaxt lazım olacaq".
"Şkendiya" və "Qarabağ" arasında ilk oyun sabah Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Cavab matçı bir həftə sonra Azərbaycanda keçiriləcək.