Qurban Qurbanovun “Neftçi”dən ayrılmasının səbəbini AÇIQLADI

Qurban Qurbanovun “Neftçi”dən ayrılmasının səbəbini AÇIQLADI

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev “Neftçi”də çalışdığı vaxt baş məşqçi olmuş Qurban Qurbanovla yollarını ayırmalarının səbəbini açıqlayıb.

"Mediasport" xəbər verir ki, o, Q.Qurbanovun gedişinin klubun nəticələri ilə yox, büdcənin azaldılması ilə əlaqədar olduğunu açıqlayıb.

“Qurban Qurbanov aldığı əmək haqqına görə yox, futbolçu transferinə lazımi məbləğdə pul ayrılmayacağı üçün getdi. Amma sonradan onun arxasında dayandım və “Qarabağ”a getməsinin təşəbbüskarı oldum. Peşman da deyiləm”, - deyə o, sportnet.az-a açıqlamasında deyib.

Musayev onu da vurğulayıb ki, Qurbanovdan sonra Vlastimil Petrjela “Neftçi”nin baş məşqçi postuna daha aşağı məbləğə gətirilib:

“Petrjelaya lazım idi ki, Rusiya “Zenit”indən sonra hansısa komandada çalışsın. “Neftçi”də reklam üçün işləmək istədi. Məlum oldu ki, o, Rusiyada çox oyunlardan çıxıb. Sonradan qumar söhbətlərindən əlavə, başqa şeylər də eşitmişdim”.

Qeyd edək ki, Qurban Qurbanov “Neftçi”də 2006-cı il iyunun 8-dən 2007-ci il avqustun 28-dək çalışıb.

Onun fəaliyyəti dövründə “ağ-qaralar” Azərbaycan çempionatının gümüş medalını qazanıb və Avropa Liqasının I təsnifat mərhələsində Avstriya “Rid”inə iki oyunun nəticəsində uduzub - 2:1, 1:3.