"Bu, bizim üçün bəhanə deyil, vəzifəmiz qələbə qazanmaqdır"

"Meydançanın ot örtüyü daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Bizim vəzifəmiz qələbə qazanmaqdır. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq".
"Mediasport" xəbər verir ki, bunu Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Yakob Neestrup deyib.
Mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində sabah Bakıda "Qarabağ"la baş tutacaq matçdan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:
"Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdür. Şərtlər hər iki komanda üçün bərabərdir. Onlar bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferensvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 20:45-də başlanacaq.