"Neftçi"də qeyri-adi qollar vuran Klisman: "Məşqlərimizi izləsəniz..."
"Mediasport" "Neftçi"nin braziliyalı futbolçusu Qustavo Klismanın Azərbaycan Premyer Liqasının 12-ci turunun "Araz-Naxçıvan"la səfər oyunundan (3:1) sonra jurnalistlərə müsahibəsini təqdim edir.
Qələbəni necə şərh edə bilərsiniz?
- Süni örtüklü meydançada oynamaq çətinlik yaradır. Buna baxmayaraq, çalışırdıq öz futbolumuzu nümayiş etdirək. Düşünürəm ki, yaxşı çıxış etdik, layiq olduğumuz 3 xalı qazandıq. Matçın 90 dəqiqəsi ərzində oyuna nəzarət etdik və rəqib qapısından 3 top keçirdik. Yeganə təəssüfləndirici məqam sonda qapımızdan qol buraxmağımızdır.
Milli komandaların oyunlarına görə yaranan fasiləni necə dəyərləndirsiniz?
- Fasilə bizə çox kömək olur. Bizim məşqlərimizi izləsəniz, hazırlıq prosesinin necə intensiv keçdiyini görərsiniz. Çox yaxşı məşqlər edirik.
“Araz-Naxçıvan”ı məğlub etməklə yenidən zirvəni ələ keçirdiniz. Qış çempionu ola biləcəksiniz?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Sonda hədəfə çatmaq üçün əlimizdən gələni edirik. İstəyimiz reallaşsa, qış çempionu ola bilərik.
Bu gün vurduğunuz birinci qolda zərbə endirirdiniz, yoxsa ötürmə etmək istəyirdiniz?
- Açığı, zərbə vurmurdum, asma edirdim (gülür). Amma elə alındı ki, top qapıdan keçdi. Təbii ki, buna görə sevinirəm.
Bir dəfə ayın qolu layihəsində qalib olmusunuz. Necə düşünürsünüz, bu qolla yenidən seçilə bilərsiniz?
- Sözün düzü, hazırda yalnız öz oyunlarımıza köklənmişəm. Digər qolların əksərini görməmişəm. Ona görə indidən qəti fikir bildirmək çətindir. Amma əlbəttə ki, yenidən qalib olsam, çox sevinərəm.
“Neftçi” forması ilə Premyer Liqada ikinci dəfə dubl etdiniz, 6 qolla bombardirlər arasındasınız. Bununla bağlı nə deyə bilərsiniz?
- Məşqçimizin tapşırığı odur ki, imkan olduqca qapıya zərbə endirim, həmçinin irəli atılaraq hücumların sonlandırılmasında iştirak edim. Mən də komandama fayda vermək üçün əlimdən gələni edirəm. Şadam ki, bu matçda yenidən dubl etdim. Növbəti matçlarda da “Neftçi”nin qalib gəlməsi üçün əlimdən gələni edəcəyəm.

