Dünya Səhiyyə Günündə daun sindromlu uşaqlarla görüş keçirildi
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşkilatçılığı, həmçinin Peşəkar Futbol Liqasının (PFL) dəstəyi ilə sosial aksiya keçirilib.
"Mediasport" xəbər verir ki, 7 aprel - Ümumdünya Sağlamlıq Günü münasibətilə baş tutan aksiya çərçivəsində daun sindromlu uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Hədiyyələrin təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Cəvahir Süleymanova və qurumun digər nümayəndələri çıxış edərək bu cür təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.
C.Süleymanova sağlamlığın qorunmasının vacibliyini və cəmiyyətin bu mövzuda maarifləndirilməsinin önəmini vurğulayıb.
O, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətdəki rolunun önəmini qeyd edib və belə insanlara dəstək göstərən proqramların bu işin vacib komponentlərindən biri olduğunu bildirdi.
Layihənin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və futbolun birləşdirici gücündən istifadə edərək inklüzivlik ideyalarına töhfə verməkdir.
