"Futbolçuları bununla bağlı xəbərdarlıq edirik, amma təəssüf..."
"Üzücü məğlubiyyət oldu. Hava şəraitini də nəzərə alsaq, bu gün xarakter göstərmək lazım idi. İlk hissədə oyun daha çətin keçdi".
"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının 19-cu turunun "Qarabağ"la matçı haqda danışıb, 1:2 hesablı məğlubiyyəti şərh edib:
"Ümumi götürəndə, pis mübarizə aparmadıq. Təəssüf ki, oyunun sonlarında qollar buraxırıq. İlk hissədə də, ikincidə də... Futbolçuları bununla bağlı xəbərdarlıq edirik, amma təəssüf. Oyunçulardan bunu diqqətdə saxlamaqlarını istəyirdik. Sonda boşluq verdik və məğlub olduq. Qarşıdan gələn oyunlara hazırlaşacağıq".
"Qarabağ"a qarşı kubok matçında aqressiv oyun oynadınız. Kubokun cavab oyununda daha aqressiv komanda görəcəyik?
- Oynadıqca bir-birimizi daha yaxşı tanıyırıq. Boşluqlardan istifadə etmək istəyirlər. "Qarabağ"a qarşı aqressiyasız oynamaq mümkünsüzdür. Bütün oyunlarda formada olmaq istəyirik. Ümumi götürsək, "Şamaxı" hər matç xarakter göstərir. Kubokun cavab görüşündə daha aqressiv oynamalıyıq.
Son dəqiqələrdəki əvəzetmələrin məğlubiyyətə nə dərəcə təsiri oldu?
- Əvəzetmələrin səhv olduğunu deməzdim. Oruc özü əvəzetmə istədi, Kərim Rossi yorulmuşdu. Həmin anda müdafiədə boşluq yarandı. Komanda olaraq konsentrasiyamız çatmadı.
Bəhlula verilməyən ikinci sarı vərəqə epizodu var. Nə düşünürsünüz?
- Məncə, ikinci "sarı" idi. Dirsək epizodu da var idi, müzakirə edilə bilər. Tam dəqiq baxmamışam. Bəlkə də qaydalar çərçivəsindədir.
