İcraiyyə Komitəsinin yeni tərkibdə növbəti iclası keçirildi - FOTO

Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə növbəti iclası keçirilib.
"Mediasport" xəbər verir ki, qurumun vitse-prezidenti Çingiz Hüseynzadənin sədrliyi ilə keçirilən iclasda cari məsələlərin müzakirəsindən sonra Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Ağacan Abiyevə verilmiş mükafatın təltifetmə mərasimi təşkil olunub.
Azərbaycanın ictimai-siyasi və idman xadimi, professor, Əməkdar elm xadimi, Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin fəxri baş katibi Ağacan Abiyevə AOK-un “Olimpiya çələngi” mükafatını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.
İdmançılardan Rövşən Hüseynov, Namiq Abdullayev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Fərid Mansurov, Faiq Qarayev, Alla Həsənova çıxış edərək, Ağacan Abiyevin Azərbaycan idmanındakı xidmətlərindən danışaraq mükafat alması münasibətilə onu təbrik ediblər.
Xatırladaq ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən AOK-un 54-cü Baş Assambleyasında layiq görülüb.