İranın DÇ-dən imtina qərarını Tramp bəyəndi - FİFA hədələdi
FİFA DÇ-2026-da iştirakdan rəsmən imtina etmək üzrə olan İran İslam Respublikasına xəbərdarlıq bildirib.
"Mediasport" xəbər verir ki, dünya futbol təşkilatı ölkəyə qarşı ağır sanksiyalar tətbiq olunacağını xatırladıb.
Əsas cəza İranın FİFA-nın bayrağı altında bütün yarışlardan kənarlaşdırılacağı olsa da, rəsmi qaydada maliyyə cəriməsi də tətbiq ediləcək.
Maliyyə sanksiyası təxminən 300 min avrodur. FİFA İranın son və rəsmi qərarını gözləyir.
Qeyd edək ki, İranın idman naziri Əhməd Dünyamalı bir neçə gün əvvəl ölkəsinin müharibə şəraitində olduğu üçün milli komandalarının mundialda iştirak etməyəcəyini açıqlayıb.
Dünən isə təşkilatçı ölkələrdən ABŞ prezidenti Donald Tramp İran yığmasının DÇ-yə qatılmamasının daha yaxşı variant olduğunu vurğulayıb.
Tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə 3 ölkədə təşkil olunacaq dördilliyin zirvə yarışı ABŞ, Meksika və Kanadada keçiriləcək.
İran seçməsi B qrupunda Belçika, Misir və Yeni Zelandiya komandaları ilə mübarizə aparmalıdır.
