Bəhram: "Mən bu komandaya bir il sonra baxmağı çox istəyirəm"

Bəhram: "Mən bu komandaya bir il sonra baxmağı çox istəyirəm"

"Mən bu komandaya bir il sonra baxmağı çox istəyirəm. Və çox istəyirəm ki, bir ildən sonra yenidən ÇSKA ilə oynamaq şansımız olsun".

"Mediasport" xəbər verir ki, bu fikirlər aktyor Bəhram Bağırzadəyə məxsusdur.

"Parni iz Baku" Şən və Hazırcavablar Klubunun (KVN) üzvü sosial şəbəkə hesabında "Qarabağ"la bağlı paylaşım edib.

Gülüş ustası Ağdam klubunun dünən UEFA Avropa Liqasında mübarizəni dayandırmasına münasibət bildirib:

"Biznesdə də, həyatda da sadə bir həqiqət var: hər şeyin öz vaxtı var. Yeni bir işə başlayanda hamımız tez nəticə görmək istəyirik.

Gecə-gündüz çalışırıq və ani uğur gözləyirik. Amma reallıqda belə olmur. Hər ciddi nəticənin arxasında zaman, təcrübə, səhvlər və davamlı zəhmət dayanır.

Eyni şey digər sahələrdə də baş verir. Mən tez-tez "Bakılı oğlanlar" KVN komandasını xatırlayıram.

Əgər 1992-ci ilin komandası ilə 2000-ci ilin komandasını müqayisə etsək, arada yerlə-göy qədər fərq var idi.

XX əsrin çempionu olmaq üçün bizə səkkiz il lazım oldu. Səkkiz il fasiləsiz iş, inkişaf və təkmilləşmə.

Niyə bunu deyirəm? Çünki "Qarabağ"ın dünənki məğlubiyyəti son deyil, yeni mərhələnin başlanğıcıdır. Hər məğlubiyyət düzgün nəticələr çıxarıldığı halda yeni imkanlar açır.

Komandaya vaxt lazımdır ki, futbolçular bir-birini daha yaxşı tanısın, qarşılıqlı anlaşma və özünəinam qazansın.

Bu baş verəndə, qələbə də uzaqda olmayacaq".

Xatırladaq ki, Bolqarıstanın ÇSKA klubuna qolsuz başa çatan iki 90 dəqiqə və əlavə vaxtın ardından penaltilər seriyasında məğlub olan "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək.