Futbolun yaradıcıları ilə futbol məbədində görüş? - İnanırsınız?
28.01.2026 - 29.01.2026
Sırf rəqəmlərə baxsaq, təqvimdə bir gündən digərinə keçidi xatırladır, amma...
Əsla və əsla bu, azərbaycanlılar üçün, türk dünyası üçün elə-belə, sıradan, adi bir təqvim günü, ötüb keçən tarix deyil, olmayacaq, ola da bilməz.
Futbolun dünya reytinqində heç bir yerində olmayan AZƏRBAYCAN adlı məmləkətin qürurlu təmsilçisinin idmanın şahını yaradanlarla dueli necə adi bir tarix ola bilər ki?
"Liverpul" - "Qarabağ": İlahi, bu, necə afişadır? Bu nədir axı belə? Həqiqətdir? İngiltərə, futbol və Azərbaycan?
Nəticə 10:0 olsa belə, tarixdə heç bir azərbaycanlının unutmayacağı bir gecə olacaq bu!
Nə olur-olsun, bu qarşılaşma ilə yaşamayan, bu matçdan zövq almağa çalışmayan birinin futboldan danışmağa haqqı yoxdur!
Oyuna bir sutkadan azca çox zaman qalıb - Vaxt yaxınlaşdıqca əslində nəyə şahidlik edəcəyimizi düşünəndə tüklərimiz ürpənmirsə, deməli, bizim futboldan anlayışımız sıfırdır.
Ağlabatan gəlmir, razıyıq, 24 milyon avroluq "cırtdan futbol ölkəsi" təmsilçisinin 1 milyard avrodan çox dəyəri olan dünya nəhəngi ilə futbolun beşiyində - futbolun məbədində üz-üzə gələcəyini 10-15 il əvvəl biz ancaq ancaq yuxuda görə bilərdiksə, indi aldığımız nəfəs qədər realdır.
Bəli, bu, çox böyük tarixdir, çox böyük hadisədir. Sözlərlə ifadə olunmayacaq qədər əzəmətli hadisədir "Liverpul" - "Qarabağ" qarşılaşması.
Nəyiniz var-yox, qoyun bir kənara, hər şeyi buraxın, relaks olun...Yalnız və yalnız "Enfild"ə köklənin, futbolla yaşayın, futbolun yaradıcıları ilə dueldən həyatınıza bir xatirə götürün.
Hətta Uilyam Şekspir sağ olsaydı, səhərə qədər yazar-pozar, yazar-pozar, bizimçün ortalığa "Liverpul" - "Qarabağ" möhtəşəmliyində afişa qədər həyəcanlı bir şey çıxara bilməzdi. Bu, "Romeo və Culyetta" olsaydı belə.
Nə boyda hadisəyə şahidlik edəcəyimizin fərqindəsiniz?
Allah o gecəni hamımıza nəsib eləsin, yaşayaq, zövq alaq, qürur duyaq.
Ki, bizim "Qarabağ" kimi komandamız, Qurban Qurbanov kimi qəhrəman şəxsiyyətimiz var!
ELVİN
