"Neftçi"yə qalib gələcəyimizə heç bir şübhəm yox idi" - KADİ

"Neftçi"yə qalib gələcəyimizə heç bir şübhəm yox idi" - KADİ

Mediasport.com.az “Qarabağ”ın futbolçusu Kadi Borgesin müashibəsini təqdim edir.

"Neftçi" ilə oyun haqqında fikirləriniz maraqlıdır.

- Çətin oyun alındı. Qarşılaşmanın əvvəlində gözlənilmədən azlıqda qaldıq. Buna baxmayaraq, əsl komanda ruhu nümayiş etdirdik. Çətin idi, amma ikinci hissədə gördüyünüz kimi, oyun bizim xeyrimizə oldu.

Meydanda azlıqda qalandan sonra qələbə qazanacağınıza inanırdınız?

- Əlbəttə, qalib gələcəyimizə heç bir şübhəm yox idi. İlk dəfə deyil ki, belə durumla qarşılaşırıq. Belə hallarda necə davranacağımızı bilirik. Oyun da bunu göstərdi. Növbəti dəfə xarakter nümayiş etdirdik. Nəticədə də bunu gördük.

"Qarabağ"a qələbəni gətirən penaltini siz qazandınız. Yuri Matiasın sizə qarşı qayda pozuntusu epizodunu necə şərh edə bilərsiniz?

- Qayda pozuntusu var idi və hakim də bunu qeydə aldı. Düzü, rəqib müdafiəçinin haradan gəlib məni yıxdığını görmədim. O, topa toxunmadı.

Bir müddət idi ki, Azərbaycandan getmişdiniz. Əsas rəqibiniz “Neftçi” nə qədər dəyişib?

- Yoxluğuma baxmayaraq, mənim üçün heç nə dəyişməyib. Biz yenə də qalib gəldik. Bu, Azərbaycan derbisidir. “Neftçi” və “Qarabağ” qarşılaşırsa, bütün futbol ictimaiyyətinin diqqəti məhz bu görüşdə olur.

"Qarabağ"a qayıdışınızdan sonra ilk matçda qol vurdunuz, məhsuldar ötürmə etdiniz, bu oyunda da penalti qazandınız. Performansınızdan razısınız?

- Özüm haqqında danışmaq istəmirəm. Amma ümumi mənzərəyə baxsaq, hər şey olduqca yaxşı alındı.