"Qarabağ"a 3 milyon avro ödəməyə razı oldular - "YOX" cavabı aldılar
10-qat Fransa çempionu "Sent-Etyenn" Elvin Cəfərquliyevin transferi üçün "Qarabağ"la rəsmi danışıqlara keçib.
"Mediasport"a verilən məlumata görə, Liqa 2-də liderlər qrupunda yer alan klub keçidin reallaşmasından ötrü Azərbaycan çempionuna ciddi məbləğ təklif edib.
Bildirilir ki, qarşı tərəf "atlılar"a 3 milyon avro (təxminən 6 milyon manat) təzminat ödəməyə hazır olduğunu açıqlayıb.
Hətta Ağdam klubunun rəhbərliyi, xüsusilə baş məşqçi Qurban Qurbanov istedadlı azərbaycanlının "Böyük beşlik" ölkəsinə yollanmasına qarşı çıxmayıb.
Lakin 2025-ci ildə Azərbaycanda ən yaxşı futbolçu seçilmiş müdafiəçi dəvətə isti yanaşmayıb.
İl ərzində perfomans göstəriciləri yüksələn xətt üzrə olan və UEFA Çempionlar Liqasında sabit çıxışları ilə Avropa klublarının diqqətini çəkən Cəfərquliyev Fransa təmsilçisinin qeyri-sabitliyinə görə təklifi qəbul etməyib.
Xatırladaq ki, Elvinin "Qarabağ"la müqaviləsi bu ilin yayında başa çatacaq.
