Super Liqa təmsilçisindən Cənubi Azərbaycan klubuna dəstək - FOTO

Türkiyənin “Trabzonspor” klubu İran Pro Liqasının lideri “Traktor”a dəstək nümayiş etdirib.
"Mediasport" xəbər verir ki, Super Liqa təmsilçisi bununla bağlı sosial şəbəkə hesablarında post paylaşıb:
“2024-2025 İran Pro Liqasında çempionluq yolunda inamla irəliləyən, Azərbaycan Türklərinin qüruru olan “Traktor”u ürəkdən dəstəkləyirik.
Möhtəşəm azarkeşləri ilə birlikdə göstərdikləri əzmkarlıq, mübarizə və qətiyyət təkcə futbol meydanlarında deyil, Türk dünyasının könlündə də dərin iz buraxır.
“Traktor” bu çempionluq yolunda bir daha təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq. Yolunuz çempionluğa çıxsın!”.
Cənubi Azərbaycan klubu qaradənizlilərin paylaşımına reaksiya verib:
“Trabzonspor”a ürəkdən təşəkkür edirik! Bu həmrəylik və qardaşlıq bizə böyük güc verir. İnşallah, çempionluq bizim olacaq!
Yaşasın “Traktor”! Yaşasın “Trabzonspor”!”
Qeyd edək ki, əsası 1970-ci ildə qoyulmuş Təbriz klubu tarixində ilk dəfə İran Yüksək Liqasının qalibi olmağa yaxındır. "Al qurdlar" mövsümün başa çatmasına 3 tur qalmış 1-ci pillədə qərarlaşıblar.