Bəhlul: "Ümid edirəm ki, ən qısa zamanda bu vəziyyətdən çıxacağıq"
"Mediasport" "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadənin Azərbaycan Premyer Liqasının 12-ci turunun "Kəpəz"lə səfər oyunundan (0:0) sonra jurnalisatlərə müsahibəsini təqdim edir.
Oyunun çətin keçəcəyini gözləyirdiniz?
- Çətin olacağını bilirdik. Topladıqları xallar və keçirdikləri oyunlar bu komandanın güclü olduğunu göstərirdi. Bundan əlavə, meydança amilini də qeyd edərdim. Möhtəşəm azarkeş dəstəyi var idi. Həm onlar, həm də bizim üçün belə atmosferdə oynamaq çox xoş idi. Təəssüf ki, qol vura bilmədik. Bütün həftə ərzində bu matça hazırlaşmışdıq.
Komanda artıq dörd oyundur qol vura bilmir. Sizcə, bunun əsas səbəbi nədir?
- Rəqiblərin bizə qarşı hazırlığını qeyd edə bilərəm. Topa sahib olduğumuz zaman demək olar ki, bütün komanda ilə müdafiə olunurlar və bizim üçün çox az boşluq verirlər. Bütün həftə ərzində qol imkanlarının reallaşdırılması üzərində çalışmışdıq. Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Bu mənfi tendensiyanın fərqindəyik və onu aradan qaldırmaq üçün çox çalışırıq.
Uzun fasilədən sonra yenidən meydana qayıtdınız.
- Uzun müddətdən sonra meydana qayıtmaq çox xoşdur. Bu, doqquz aydan artıq davam edən uzun bir proses oldu. Yenidən meydanda olduğum üçün çox şadam. Bununla belə, həm komanda, həm də mənim üçün qarşıda qət edilməli uzun bir yol var.
“Sumqayıt”la qarşıdakı oyun uğursuz seriyanı dayandırmaq üçün yaxşı fürsət sayıla bilər?
- Dediyim kimi, artıq bütün komandalar yaxşı çıxış edir və yaxşı müdafiə oluna bilirlər. Oyunun necə keçəcəyini indidən deyə bilmərəm. Ancaq bu qarşılaşmaya maksimum nəticə, yəni qələbə qazanmaq üçün çıxacağıq.
Komandanı toparlayacaq liderin yoxluğu hiss olunur?
- Ümid edirəm ki, növbəti oyunlarda liderlik öz təsirini göstərəcək. Ancaq bu, təkcə bir futbolçudan asılı olan məsələ deyil. Bu gün meydanda 11 nəfər oynayırdı və onların hamısı qol vurmaq, qələbə qazanmaq istəyirdi. İnanıram ki, hər bir futbolçu bunu arzulayır. Sadəcə, hazırda qara zolaqdayıq. Ümid edirəm ki, ən qısa zamanda bu vəziyyətdən çıxacağıq.
Uzun müddət bir yerdə oynadığınız futbolçuların yoxluğu meydanda hiss olunur?
- Əlbəttə, onların hər birinin yeri görünür. Çünki uzun müddət birlikdə oynamışdıq və artıq bir-birimizi çox yaxşı başa düşürdük. İndi isə yeni komandayıq və buna görə müəyyən çətinliklər yaşanır. Ümid edirəm ki, qısa müddətdə bu problemləri aradan qaldıracağıq.
Bu mövsüm Azərbaycan çempionatı və rəqiblər barədə düşüncələriniz necədir?
- Çempionatı izlədikdə kifayət qədər sürpriz nəticələrin qeydə alındığını görürük. Bu da onu göstərir ki, komandalar artıq əvvəlki kimi asanlıqla qələbə qazana bilmirlər. Bütün kollektivlər güclənib. Buna görə də çempionat daha maraqlı və rəqabətli xarakter alıb.

