"Zirə" ilə görüşdə ara qarışdı, "Qarabağ"ın baş məşqçisi Rəşad Sadiqova 5 oyunluq cəza verildi

"Zirə" ilə görüşdə ara qarışdı, "Qarabağ"ın baş məşqçisi Rəşad Sadiqova 5 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi "Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqovu cəzalandırıb.

"Mediasport" xəbər verir ki, buna gənc mütəxəssisin “Zirə” ilə matçda etdiyi hərəkətlər səbəb olub.

Sadiqov 78-ci dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulub. HK ona 5 oyunluq cəza verib.

Qarşılaşma xoşagəlməz hadisələrlə zəngin olub. “Zirə”nin futbolçusu Musa Mustafayev 52-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Onun komanda yoldaşı Qurban Cəlilov 79-cu dəqiqədə rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırıldığı üçün 3 matçlıq diskvalifikasiya alıb.

“Qarabağ”ın futbolçusu Rəvan Teymurov qeyri idman hərəkətinə görə ikinci sarı vərəqədən qırmızı aldığı üçün 1 tur buraxacaq.

90+1-ci dəqiqədə onun komanda yoldaşı Əli Qazibəyov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılıb. Ona 2-si şərti olmaqla 3 oyunluq cəza verilib və 3 ay sınaq müddəti təyin olunub.

Matç "Zirə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.