PFL-in AFFA-nın binasından köçürülməsinin ŞOK SƏBƏBİ

Məlum olduğu kimi, Peşəkar Futbol Liqası (PFL) bu mövsümdən yeni ofisə köçüb.
"Mediasport" 2008-ci ildə yaradılmış qurumun 17 ildir fəaliyyət göstərdiyi AFFA-nın inzibati binasından çıxmasının əsl səbəbini öyrənib.
AFFA-dan redaksiyamıza verilən məlumata görə, ölkə çempionatlarının birbaşa təşkilatçısı və cavabdeh qurum olan PFL-in "boz bina"dan ayrılmasına rəhbəri Elxan Səmədovun fərqli addımı səbəb olub.
Belə ki, federasiya rəhbərliyi E.Səmədovun AFFA-nın yeməkxanasında PFL-in işçilərini həftəiçi 5 gün pulsuz naharla təmin etməsini öyrənincə qıcıq olub.
Federasiyanın binasında yer darlığı və otaq sayının azlığı səbəb göstərilsə də, PFL-in rəhbəri yuxarı səviyyədən "Biz AFFA-nın işçilərinə pulsuz yemək vermiriksə, xeyir ola, bunu bizə tabe olan sən edirsən?" iradını eşidəndən sonra qurumun köçməsinin vacibliyini anlayıb.
Təbii ki, bu "ayrılıq" həm də PFL-in illik büdcəsinin xeyli azaldılması hesabına başa gəlib.
Xatırladaq ki, PFL hazırda Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində icarəyə götürdüyü 4 mərtəbəli ofis binasında fəaliyyət göstərir.
Mediasport.com.az