"Bir azərbaycanlı kimi Eminə minnətdaram" - Qurban Qurbanov
"Emin Mahmudovun Azərbaycan millisindəki 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi olub".
"Mediasport" xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis uzun illər yığmada sabit oyun göstərən oyunçuya təşəkkür edib:
"Əvvəlcə Emin Mahmudova uğurlar arzulayıram. Bir azərbaycanlı kimi ona minnətdaram. Bu illər ərzində Azərbaycan futbolu üçün göstərdiyi peşəkarlığa və əzmkarlığa görə təşəkkürümü bildirirəm.
Milli komandada 10 il ərzində nümayiş etdirdiyi sabit və etibarlı oyunu çox yüksək qiymətləndirirəm. Çünki bu müddət ərzində eyni səviyyəni qoruyub saxlamaq, istər yığma, istərsə də klub miqyasında belə stabillik göstərmək asan deyil.
Bunun üçün yüksək peşəkarlıq tələb olunur. Bu keyfiyyəti bütün gənc futbolçular, ümumiyyətlə, əsas komandada çıxış edən hər bir oyunçu üçün motivasiya mənbəyi olub. Mən bütün futbolçularda məhz belə peşəkarlıq görmək istərdim".
Baş məşqçi yarımmüdafiəçinin onun qol göstəricisini geridə qoymasına və yığmadakı karyerasını başa vurmasına da münasibət bildirib:
"Rekordumu yeniləməsinə gəlincə, düşünürəm ki, bu, hər bir oyunçu üçün arzuolunan nəticədir. Müəyyən müddətdən sonra rekordların təzələnməsi təbiidir. Onun bu uğura imza atması isə, əlbəttə ki, qeyd etdiyim kimi, peşəkarlığından, əzmkarlığından və ustalığından irəli gəlir.
Milli komandadakı karyerasını başa vurması ilə bağlı isə onu deyə bilərəm ki, ümumiyyətlə, mən hər zaman hər bir idmançının qərarına hörmətlə yanaşmışam. Eminin seçiminə də eyni cür yanaşıram.
O, savadlı və düşüncəli insandır. İnanıram ki, bu addımı atarkən öz səbəbləri və əsasları olub. Hər bir halda, ona olan hörmətimi həmişə qoruyub saxlayacağam.
Bir daha ona işində, həyatında və ailəsində müvəffəqiyyətlər arzulayıram. Təşəkkür edirəm, Emin!"
Qeyd edək ki, E.Mahmudov noyabrın 16-da Azərbaycan millisinin Andorra (3:1) ilə baş tutan beynəlxalq yoldaşlıq matçından sonra yığmadakı karyerasını bitirib. O, hazırda 16 qolla komanda tarixinin bombardiridir.

