"Marca" "Sabah" haqda nə yazdı?

"Marca" "Sabah" haqda nə yazdı?

İspaniyanın nüfuzlu “Marca” nəşri “Sabah”ın “Barselona” ilə Çempionlar Liqası qarşılaşması ərəfəsində Azərbaycan təmsilçisinə geniş yer ayırıb.

"Mediasport" xəbər verir ki, məqalədə Bakı klubunun qısa müddətdə keçdiyi inkişaf yolu, baş məşqçisi Valdas Dambrauskasın karyerası və komandanın aparıcı futbolçuları diqqətə çatdırılıb.

Klubun Azərbaycan futbolunda sürətlə yüksəlişinə diqqət çəkən nəşr klubun II Liqadan Premyer Liqaya qədər uzanan yolunu xüsusi vurğulayıb:

"2017-ci il sentyabrın 8-də təsis edilən komanda bir il sonra ölkənin ən yüksək liqasında mübarizəyə başlayıb.

Ötən mövsüm isə həm çempionluq, həm də ölkə kubokunu qazanaraq tarixində ilk dəfə “qızıl dubl”a imza atıb".

“Marca”nın yazısında baş məşqçi Valdas Dambrauskasın futbol dünyasına gəliş hekayəsi də maraqlı məqamlardan biri kimi təqdim olunub:

"2025-ci ilin iyulundan Azərbaycan klubuna rəhbərlik edən 49 yaşlı litvalı mütəxəssis İngiltərədə məşqçilik təhsili alıb.

Maraqlıdır ki, o, təhsil xərclərini televiziya müsabiqəsində qazandığı pul mükafatı hesabına qarşılayıb".

İspaniya nəşri “Sabah”ın Avropa arenasındakı təcrübəsinə də toxunub:

"Bakı klubu Çempionlar Liqasının əsas mərhələsində debüt etsə də, buna qədər Konfrans Liqası və Avropa Liqasında da mübarizə aparıb.

Komanda əsas mərhələyə yüksəlmək üçün dörd təsnifat mərhələsini geridə qoyub".

Məqalədə Azərbaycan təmsilçisinin heyətindəki bir sıra futbolçular da xüsusi qeyd edilib:

"Hücumçu Coy-Lens Mikels, müdafiəçi Timoteuş Puxaç, yarımmüdafiəçilər İvan Lepiniça və Velko Simiç, eləcə də qapıçı Stas Pokatilov diqqət mərkəzinə gətirilib".

“Marca” qarşılaşmanın keçiriləcəyi stadion fərqini də diqqətdən kənarda qoymayıb. Qeyd edilib ki, adətən ev oyunlarını 9 min tamaşaçı tutumuna malik arenada keçirən komanda bu dəfə 69 min azarkeşin yerləşə biləcəyi Bakı Olimpiya Stadionunda meydana çıxacaq.

Yazıda iki klub arasında Polşa futbolu üzərindən maraqlı bağlantı da üzə çıxarılıb:

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçla “Barselona”nın qapıçısı Voysex Şensnı Polşa millisində birgə çıxış ediblər. Onların son ortaq matçı 2024-cü ilin martına təsadüf edib".

Xatırladaq ki, noyabrın 25-də baş tutacaq “Sabah” - “Barselona” qarşılaşması saat 21:45-də start götürəcək.