Avropa ikincisi olan millimizin üzvü güləşdən 3 illik kənarlaşdırıldı
Azərbaycanın sərbəst güləşçisi Sadiq Mustafazadə 3 illik diskvalifikasiya edilib.
"Mediasport" xəbər verir ki, idmançı dopinq qaydalarını pozub.
Məlumatı Azərbaycan Milli Antidponiq Agentliyi (AMADA) paylaşıb.
Analiz nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu (2.1) və ya idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi (2.2) aşkarlanıb.
Mustafazadənin sanksiya müddəti 30 aprel 2026-cı ildən hesablanmaqla 29 aprel 2029-cu ildə başa çatacaq.
Qeyd edək ki, 22 yaşlı güləşçi son illərdə həm beynəlxalq arenada, həm də ölkədaxili yarışlarda bir sıra mühüm nailiyyətlərə imza atıb.
O, karyerasının ilk böyük beynəlxalq uğurunu 2023-cü ildə 79 kq çəki dərəcəsində U-20 Avropa çempionatının bürünc medalını qazanmaqla rəsmiləşdirib.
2024-cü il U-20 Avropa çempionatında 86 kq çəkidə finala qədər irəliləyərək gümüş medalçı olub.
Həmin ilin dekabrında keçirilən Azərbaycan çempionatında 92 kq çəki dərəcəsində də ikinci yeri tutub.
2025-ci ildə Bolqarıstanın Varna şəhərində təşkil olunan "Dan Kolov – Nikola Petrov" beynəlxalq turnirində gümüş medal qazanan Sadiq ardınca Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatında (92 kq) bürünc mükafat əldə edib.

