Azarkeşləri "Kəpəz"i 10 min, "Neftçi"ni 3 min manat ziyana saldı

Azarkeşləri "Kəpəz"i 10 min, "Neftçi"ni 3 min manat ziyana saldı

AFFA İntizam Komitəsi "Kəpəz"i 10 min manat cərimə edib.

"Mediasport" xəbər verir ki, qərar qurumun bugünkü toplantısında çıxarılıb.

Buna 9-cu turun "İmişli" ilə görüşündə yaşananlar səbəb olub.

Gəncə klubunun qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. Qolkiperin kobudluğu komandasının 1000 manat cərimələnməsi ilə nəticələnib.

"Kəpəz" azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə daha 6000 manat ziyana düşüb.

Həmçinin azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə kluba 3000 manat cərimə yazılıb.

"Neftçi" də eyni səbəbdən ziyana düşüb. "Qəbələ" ilə görüş bitdikdən sonra azarkeşlər pirotexniki vasitədən istifadə etdiyinə görə paytaxt klubu 3000 manat cərimələnib.

IX turun "Araz-Naxçıvan" – "Sabah" matçında 4 futbolçusu sarı vərəqə alan Bakı klubu isə 700 manat ödəməli olacaq.