"Neftçi"nin məşqçisi: "İnanıram ki, avrokuboklara vəsiqə qazanacıq"
"Neftçi" Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "İmişli"yə məğlub olub (2:3).
"Mediasport" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cəzalı baş məşqçi Samir Abasovun köməkçisi Mübariz Orucov cavablandırıb.
Ötən mövsüm heyət yetərsiz göstərildi, bu il yeni heyət yığıldı. Bəs indi problem nədədir?
- Razıyam, nəticələrimiz ürəkaçan deyil. Oyun baxımından keçən illə müqayisədə yaxşıyıq. Amma nəticəyə təsir etmir. Çox xallar itirmişik. Bu gün də üzücü məğlubiyyət oldu. Yeni oyunçularımız var, heyət tam formalaşmayıb. Keçən mövsümlə müqayisədə heyətimiz çox dəyişilib. Hələ ki, uyğunlaşma prosesi gedir.
“İmişli” də ilk mövsümdür Premyer Liqada oynayır. Onlar nə desinlər bəs?
- “İmişli” yaxşı futbol oynadı. Onlar güclü rəqiblərə qarşı motivasiya ilə oynayırlar. Bu gün də istəkləri bizdən çox idi. Ona görə qalib gəldilər.
İki qolu da standart vəziyyətdən buraxdınız...
- Komandaya onların aut atışlarının təhlükəli olduğu haqda məlumat vermişdik. Qorxduğumuz yerdən də qollar buraxdıq.
Artıq turnir cədvəlində “İmişli”dən də aşağıdasınız. Bundan sonra əsas diqqəti kuboka yönəldəcəksiniz?
- Onsuz da biz “Neftçi” olaraq çempionat və kuboka köklənmişik. Liqada işlər yaxşı getmir. Kubok qısa yoldur. Ona da köklənəcəyik. Çempionatın yarısına gəlib çatmışıq. Amma qarşıda matçlar var.
Hədəf nədir?
- “Neftçi”nin hədəfi həmişə çempionluqdur. İnanıram ki, biz avrokuboklara vəsiqə qazanacağıq.
