"Azərbaycan çempionatının səviyyəsindən xəbərsiz olurlar"
"Hazırlıq prosesinin ən çətin dövrüdür. "Yükləmələr" çox olur. Əlbəttə ki, futbolçularda yorğunluq var. Hər hissə 45 dəqiqə oynayırıq ki, bütün futbolçular fiziki yükləmələri alsınlar".
"Mediasport" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Çxadadze deyib.
"Kəpəz"lə yoxlama oyunu haqda fikirlərini bölüşən gürcü mütəxəssis 2:1 hesablı qələbəni şərh edib:
"Qalib gəldik, amma bu, yoxlama oyunudur. Məqsəd güclü və zəif tərəflərimizi müəyyənləşdirmək idi. Bu gün bizim üçün ən vacib olan taktiki, mövqe oyunu idi".
Çxadadze heyətə yeni qoşulan futbolçuların performansına da münasibət bildirib:
"Yeni transferlərimiz ilk oyunlarını keçirdilər. Hələ ki, onlar tam hazır deyillər. Təəssüf ki, bir çox legioner gələndə Azərbaycan çempionatının səviyyəsindən xəbərsiz olurlar.
Onların məlumatı yoxdur ki, Azərbaycan Premyer Liqasının səviyyəsi çox yüksəlib.
Hazırlıq dövründə vaxtımız çoxdur, yaxşı işləməliyik. Yeni transferlərlə güclənməyə ehtiyacımız var və bunun üzərində iş gedir".


