"Azərbaycan daim ən yüksək nəticələri hədəfləyir" - Baş katib
"Bu gün Azərbaycan dünyada ciddi güləş ölkəsi kimi tanınır. Ölkəmiz belə mötəbər yarışlarda daim ən yüksək nəticələri hədəfləyir".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev deyib.
Federasiya rəsmisi Bakıda keçiriləcək U-17 dünya çempionatına həsr olunmuş tədbirdən sonra jurnalistlərə açıqlama verib.
O bildirib ki, U-17 yaş kateqoriyasında əsas məqsəd medal deyil, idmançıların gələcək inkişafı olduğunu vurğulayıb:
“Bu yaş dövrü keçid mərhələsidir. Bizim əsas prioritetimiz idmançılarımızın həm fiziki, həm də psixoloji cəhətdən sağlam inkişafı, texniki bacarıqlarını təkmilləşdirməsi və gələcəkdə böyüklərdən ibarət milli komandaya hazır yetişməsidir.
Gənc idmançı yeni bacarıqlara yiyələnərkən səhv etmək hüququna malik olmalıdır. Bu, inkişaf prosesinin ayrılmaz hissəsidir.
Dünya çempionatında hər bir rəqibə qarşı qələbə qazanmaq məqsədilə çıxış edəcəyik. Lakin məğlubiyyət də idmanın bir hissəsidir.
Bizim üçün məğlubiyyət nəticə çıxarmaq, səhvlərdən öyrənmək və inkişaf etmək imkanıdır. Bu baxımdan hər hansı ölkəni xüsusi rəqib kimi fərqləndirmirik”.
Baş katib dünya çempionatında debüt edəcək məşqçilər barədə də danışıb:
“Rafiq Hüseynov, Mariya Stadnik və Hacı Əliyev böyük idman təcrübəsinə malik mütəxəssislərdir. Onlar məşqçi kimi ilk böyük sınaqlarını yaşayırlar.
Bu təyinatlarla biz gələcəyə yatırım edirik. Çünki məqsədimiz titullu idmançılarımızın uğurlu məşqçi kimi formalaşmasına nail olmaqdır.
Yarışın nəticəsindən asılı olmayaraq, bu baxımdan qazanan tərəf olacağıq”.
Qurum rəsmisi birinciliyin təbliği istiqamətində də geniş işlər görüldüyünü açıqlayıb:
“Paytaxtın müxtəlif ərazilərində açıq hava reklamları yerləşdirilib, televiziya və radio kanallarında, sosial media platformalarında, eləcə də federasiyanın rəsmi informasiya resurslarında yarışla bağlı mütəmadi məlumatlar paylaşılır. Güləş ictimaiyyəti ilə də aktiv kommunikasiya aparılır”.
Xatırladaq ki, DÇ 27 iyul-2 avqust aralığında Milli Gimnastika Arenasında keçiriləcək.


