AÇ: 5 güləşçimiz yarımfinalda
Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 5-ci yarış günündə "sərbəst"lərimiz mübarizəyə başlayıbılar.
Bu gün tatamiyə çıxanlardan ilk olaraq Hüseyn Rzazadə (48 kq) yarımfinala yüksəlib. O, gürcüstanlı Laşa Koridze (9:0) və türkiyəli Yiğit Egemenə (10:0) qalib gəlib.
Hüseyn finala gedən yolda rusiyalı Asilder Asluyevlə üz-üzə gələcək.
Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetraka (6:0) qalib gələrək yarımfinala adlayıb.
Güləşçimiz yarımfinal görüşündə ermənistanlı Suren İşxanyanla qarşılaşacaq.
Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimov (3:1) üzərində qələbə qazanaraq mərhələ adlayıb.
O, yarımfinalda fransalı Saşa Oberlə güləşəcək.
Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2) və macarıstanlı Zeteni Tuğiyi (7:0) məğlub edərək yarımfinala yüksəlib.
Təmsilçimiz həlledici görüşdə rusiyalı Rəcəb Rəcəbovla güləşəcək.
Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovu (2:1) və slovakiyalı Adam Koşanı (4:1) üstələyərək yarımfinala adını yazdırıb.
Hakim yarımfinalda gürcüstanlı Murtaz Baqdavadze ilə münasibətlərini aydınlaşdıracaq.
