İlk qızıl medalı Azər İlyasov qazandı - "Prezident Kuboku"
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatası davam edir.
"Mediasport" xəbər verir ki, ikinci yarış günündə Azərbaycan idmançıları 4 medal qazanıblar.
Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda akademik avarçəkmədə 1 nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov (2008-2009) qızıl mükafat əldə edib.
Əlimurad Hacızadə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2-ci, 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə Mustafa Vəlizadə və Elmir Tarverdiyev cütlüyü (2010-2011) üçüncü, 2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə isə Niyaz Malikov və İvan Vorobyanski cütlüyü (2008-2009) üçüncü yeri tutub.
Qaliblər medal və müxtəlif hədiyyələrlə təltif olunublar.
Xatırladaq ki, Əlimurad Hacızadə ötən gün Suqovuşanda 200 metr məsafəyə yürüşdə də gümüş mükafata sahib çıxmışdı.
Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunmuş "Prezident Kuboku"na Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı qatılıb.
Son 2 mərhələsi Mingəçevirdə baş tutacaq yarış mayın 1-də yekunlaşacaq.
