"Bu uğur mənim karyeramda xüsusi əhəmiyyətli yer tutur" - Berdiyev

"Bu uğur mənim karyeramda xüsusi əhəmiyyətli yer tutur" - Berdiyev

"Futbolçulara demişdim ki, çətin oyun olacaq. Çünki onlar məsuliyyəti dərk edirdilər. Şükür Allaha, qələbə qazandıq və tapşırığın öhdəsindən gəldik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 31-ci turunun "Karvan-Yevlax"la matçından sonra (1:0) jurnalistlərin suallarını cavablandırıb:

Məşqçi kimi karyeranızda çoxsaylı uğurlar olub. Azərbaycandakı uğur karyeranızda hansı yeri tutur?

- Azərbaycandakı uğurum karyeramda xüsusi yer tutur. Çünki mən bura gələndə klub prezidenti qarşımıza xeyirli məqsədlər qoydu ki, tovuzlu azarkeşlərə sevinc bəxş edək. Klub prezidentinə təşəkkür edirəm ki, bu layihəyə görə öz ürəyini qoydu. Bu müddət ərzində harada oynamağımızdan asılı olmayaraq, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu uğur karyeramda xüsusi əhəmiyyətli yer tutur. Çünki bu 2 il ərzində ən aşağı nöqtələrdən başladıq və gəldiyimiz nöqtə budur: avrokuboklara gedirik.

"Turan Tovuz" avrokuboklarda uğurlu olması üçün ciddi şəkildə güclənməlidir?

- Klub prezidenti tapşırıq verib ki, heyət güclənməlidir. Futbolçular dəvət etmək üçün variantlar axtarırıq. Oyunçuları dəvət edəndə onlar baxır ki, klub avrokuboklarda oynayır, ya yox. İndi asan olacaq.

Növbəti mövsüm Premyer Liqada hədəf yüksələcək?

- Bu barədə indidən danışmaq çətin olar. Bu, komandanın nə qədər güclənməyimizdən asılı olacaq. Baxın, "Sabah" güclü heyətə sahib olduğu üçün çempion oldu. Bunu da inkar edə bilmərik. Məhz gələnlər "Sabah"ın oyununu canlandırdı. Həmçinin baş məşqçi amili də özünü doğrultdu.