"Danışıqlar gedirdi, amma Coşqun qərarını "Araz-Naxçıvan"dan yana verdi"

"Danışıqlar gedirdi, amma Coşqun qərarını "Araz-Naxçıvan"dan yana verdi"

"Həm Coşqunu, həm də "Araz-Naxçıvan"ı təbrik edirəm, uğurlar arzulayıram. Düşünürəm ki, qarşılıqlı nailiyyətə imza atacaqlar".

Bu sözləri "Mediasport"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev deyib.

59 yaşlı mütəxəssis oğlu Coşqun Diniyevin "Araz-Naxçıvan"a transferindən söz açıb:

"Coşqunun karyerası ilə bağlı həm ölkə daxilindən, həm də ölkə xaricindən olan klublarla danışıqlar gedirdi. Sonda qərarını "Araz-Naxçıvan"dan yana verdi. Məncə, seçimi düzgündür".

"Səbail"dən ayrıldıqdan sonra klubsuz qalan Şahin Diniyev məşqçilik karyerası ilə də bağlı fikirlərini bölüşüb:

"Mənim adımla bağlı söz-söhbətlər var. Lakin konkret bir təklif olmadığı üçün hazırda hələlik məşqçi kimi fəaliyyət göstərmirəm".

Qeyd edək ki, Coşqun müxtəlif illərdə Premyer Liqanın "İnter" (indiki "Şamaxı"), "Qarabağ", "Sabah", "Zirə", "Ümraniyəspor" və "Bandırmaspor"da çıxış edib.

Şahin Diniyev isə 28 dekabr 2022-ci ildən 3 noyabr 2024-cü ilə qədər "Səbail"in baş məşqçisi olaraq çalışıb.