Dövlətin milyonlarını dağıdanlar cəzalarını almalıdırlar! - YAZI

Dünyanın bir ucunda əsrarəngiz, qeyri-adi təbiəti, gözəlliyi ilə qəlbləri riqqətə gətirən İslandiya adlı ölkə var.
Atlantik okeanın şimal sahillərində quru sərhəd qonşusu olmayan ada dövlət insanı nağıllar aləminə aparır, 400 mindən bir qədər çox əhalisi olan "buzlar ölkəsi"nə valeh olmamaq mümkün deyil.
Orada 3 gün olmaq çox maraqlı kitab yazmaq üçün yetərlidir. Lakin...Səfər təəssüratlarımız eləcə Atlantik okeanı sahillərində qalsa, yaxşıdır.
Çünki dünyanın digər tərəfində - Xəzər dənizi sahillərində daim azarkeşlərini məyus edən, yeyib-içdiyini burnundan gətirən, sevincini kədərə çevirən Azərbaycan adlı gözəl məmləkətin RÜSVAYÇI milli komandası da var.
Görün, bu iki müqayisə bir-birinə nə qədər əksdir. Reallıq belədir. Nə təəssürat?..
AFFA və "Misli"nin təşkilatçılığı ilə səfərə çıxdığımız uzaq İslandiyada inanılmaz xoş xatirələrə, mənzərələrə qonaq olsaq da, yığma komandamız sonuncu gündə - sentyabrın 5-də paytaxt Reykyavikdə yerləşən "Lauqardalsvöllur" stadionunda hər şeyi gözümüzdən gətirdi.
İslandiyanın ilk peşəkar futbolçusu Albert Qudmundssonun adını daşıyan mərkəzi arenada - sabiq hücumçunun eyni ad-soyadlı nəticəsi Albert Qudmundssonun da qol vurduğu matçda əl-qolumuz yanımıza düşdü.
O dərəcə məyusluq vardı ki, heç birimizin gözləmədiyi 0:5 biabırçılığı bir sutka əvvəl qarşıdakı iki oyunda Fernandu Santuşun millimizdəki fəaliyyətinin sonu ola bilərmi sualını yaxına buraxmayan AFFA-nın baş katibi Cahangir Fərəcullayevə cəmi 24 saat sonra "Fernandu Santuş istefa verməlidir. Getməsə, lazım olan tədbirləri görəcəyik" fikirlərini dedirtdi. Öz də KİV-nin dili ilə.
Eh, gidi dünya...Sanki bir ayağı qəbirdə olan abırsız portuqaliyalını ötən yay Azərbaycana jurnalistlər gətirib.
Santuşla tezbazar müqavilə bağlamağa qərar verənlər, 9 qələbəsiz oyundan sonra yola davam etməyi məqbul sayan AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri indi zəhmət çəkib 71 yaşlı qocanı yola salsınlar.
Günahkarlar qərar verəndə idman mətbuatının fikrini vecə almayıb sonradan jurnalistləri qabağa verməklə cəzasız qalacaqlarını düşünürlərsə, bu, olmayacaq! Geci-tezi var.
Burada tək günahkar Santuş deyil. Başda media ilə düzgün və sağlam əməkdaşlıq qurmayan AFFA prezidenti Rövşən Nəcəf, ikili "oynayan" İcraçı vitse-prezidentlər - Sərxan Hacıyev, Elşad Nəsirov, Balakişi Qasımov, həmçinin İcraiyyə Komitəsinin üzvləri azı Santuş qədər günahkardırlar!
Yeni baş katib Cahangir Fərəculayevi çox qınamaq olmur, adam federasiyaya 6 aydır gəlib və sırf Fernandu Santuşun təyinatında rolu və əli yoxdur, fikrimizcə.
Ümumən isə heç kim yaxasını kənara çəkib önə jurnalistləri verməyə çalışmasın. Öz günahınız, öz səhvinizdir, zəhmət çəkib cəzasına da qatlanın.
AFFA heç kimin dədəsinin özəl şirkəti deyil, kimsə buraya pulu əmisinin-dayısının cibindən xərcləmir. Dövlətin ayırdığı milyonlarla maliyyəni lazımsız və yanlış yerlərə dağıdanlar cəzalarını almalıdırlar.
Bu komanda bizimdir. MİLLİ KOMANDADIR - AZƏRBAYCAN MİLLİ KOMANDASI!
Bəsdirin daha, bizi rüsvay etmədiyiniz ölkə qalmadı!
Elvin ƏHƏD, Bakı-Reykyavik-Bakı