"Evdə atamla bu haqda heç bir danışığımız olmayıb" - MUSA

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı "Sabah"la 24-cü tur matçından (1:1) sonra "Mediasport"a müsahibə verib.
“Sabah”la görüş haqda nə deyə bilərsən?
- Qalib gəlmək istəyirdik, nələrsə çatışmadı. İkinci hissədə daha yaxşı oynadıq. Rəqibi tamamilə müdafiəyə otuzdurmuşduq. Amma tamamlaya bilmədik. Bəzən son toxunuşlar dəqiq olmadı, bəzən rəqib qapıçı yaxşı oynadı. Ani diqqətsizlik qol buraxmağımıza səbəb oldu. Qələbə qazanmağı çox istəyirdik, alınmadı. Bir xalla kifayətləndik. Qarşıdakı matçlara köklənəcəyik.
Son vaxtlarda çox az şans qazanırsan, bunun səbəbi nədir?
- Baş məşqçinin qərarıdır, necə məsləhət görürsə, elədir. Mən ancaq öz üzərimə düşən vəzifəmi yerinə yetirməyə çalışıram. Hər məşqdə maksimum işləyirəm, əlimdən gələni edirəm. Allah qoysa, şans düşər, biz də oynayarıq.
Yeni sezon legioner limitinin ləğv olunacağını nəzərə alsaq, fikrin necədir, komandada qalmaq istəyirsən, yoxsa daha çox oynaya biləcəyin yerə getmək istəyirsən?
- İnanırsınız, vallah, hələ heç nə bilmirəm. İndi heç nə haqda düşünmürəm. Getmək-qalmaq haqda fikirləşməmişəm. Hazırda "Qarabağ"ın futbolçusuyam, yalnız buna köklənmişəm. Xeyirlisi olsun.
Komandada məşqçi-futbolçu, evdə ata-oğul kimi bunu necə müzakirə edirsiniz, nə danışırsınız?
- Tam səmimi deyirəm, evdə atamla bu haqda heç bir danışığımız olmayıb.
Yenidən legioner həyatı yaşamağın mümkündür?
- Yenə deyirəm, bu haqda fikirləşməmişəm, bilmirəm. Necə olacağını görəcəyik. Zaman hər şeyi göstərəcək. Bu məsələ haqda heç bir fikrim yoxdur. Çünki bütün fikrim "Qarabağ"la bağlıdır. Başqa heç nə barədə düşünməmişəm.
Necə fikirləşirsən, bu mövsüm də "qızıl dubl" edə biləcəksiniz?
- Əlbəttə ki, bizim hədəfimiz həmişə maksimum titul əldə etməkdir. Bu mövsüm də çox istəyirik ki, titullar qazanaq. Nə qədər çox titul qazansaq, həm komandamız üçün, həm də şəxsi karyeramız üçün üstünlükdür. Bunun üçün sona qədər mübarizə aparacağıq.
Elvin